AFFA-nın icraçı vitse-prezidenti, UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) sədri Elxan Məmmədov UEFA İcraiyyə Komitəsinin iclasına videokonfrans formatında qoşularaq rəhbərlik etdiyi komitənin illik fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edib.
İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, məruzədə digər məsələlərlə yanaşı, UEFA Avropa Konfrans Liqası çərçivəsində bu il fevralın 24-də keçirilmiş “Qarabağ” – “Marsel” oyununda qeydə alınmış feyr-pley hadisəsi xüsusi olaraq UEFA İcraiyyə Komitəsinin üzvlərinin diqqətinə çatıdırılıb.
“Qarabağ” – “Marsel” oyununda Ağdam təmsilçisinin vurduğu qol hakim tərəfindən qeydə alınmış, baş məşqçi Qurban Qurbanov futbolçularla qısa dialoqdan sonra referiyə qolun qaydalara uyğun olmadan vurulduğunu bildirmiş və qol qərarı ləğv edilmişdi. Bu məsələ UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin martın 14-də keçirilən iclasında da müzakirə olunmuşdu.