“Sabah” Azərbaycan Premyer Liqasının 23-cü turunda səfərdə “Neftçi”yə 0:1 hesabı ilə məğlub olub.
İdmanxeber.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırıb:
– Böyük üstünlüyə sahib idik. “Neftçi” komanda şəklində öz cərimə meydançasında müdafiə olunurdu. Avtoqoldan sonra demək olar ki, 90 dəqiqə müdafiədə oturdular. Bu gün meydanda gördüklərimiz çox qəribə idi. Öz futbolçularıma təşəkkür etmək istəyirəm. Əllərindən gələn hər şey etdilər. Bizim təmiz qolumuzu əlimizdən aldılar. Düşünürəm ki, orada heç bir qayda pozuntusu yox idi. Oyun ərzində çoxlu dəyişikliklər oldu, bir neçə dəfə həkimlər meydana daxil oldu, amma əsas vaxta cəmi 3 dəqiqə əlavə olundu. Bu hakim mənim “Sabah”a gəldiyim ilk oyunu idarə edirdi. Hesab 3:1 olarkən heç nədən 46-cı dəqiqədə Kamaranı qırmızı vərəqə ilə meydandan kənarlaşdırmışdı, lehimizə təmiz penaltini verməmişdi. Oyunu öz istədiyi kimi idarə edir.
– “Sabah” ilk hissədə zəif təsir bağışlayırdı. Bu nə ilə bağlı idi?
– Mən bu fikirlə razı deyiləm. Rəqibin ilk hissədə qoldan başqa epizodu var idi? İlk hissədə zəif oynadığımızı düşünmürəm.
– Komandanızın avrokuboklara vəsiqə qazanmaq şansını necə dəyərləndirirsiz?
– Avrokuboklarda iştirak etmək istəyirik. Əgər bugünkü kimi oyunlar olsa, biz avrokuboklara vəsiqə qazana bilməyəcəyik. Əlimizdən gələni edəcəyik. Amma hər şey may ayının sonunda bilinəcək.