22 Oktyabr 2024
Kateqoriyasız

“Oyunçu çatışmazlığı var və axtarırıq” – Tərlan Əhmədov

“Müdafiədə kompakt oynayaraq, “Qarabağ”ı əks-hücumda tutmağa çalışırdıq. Əks-hücuma çıxa bilmədikdə, mövqe hücumları qurmalıydıq. Birinci hissədə həyəcan daha çox hiss olunurdu. İkinci yarıda qol vurduq. “Qarabağ”ın ikinci qolu isə “sınma” anı idi. Həmin epizoda baxacam. Bilmirəm, necə ifadə edim, autsayder komandalara qarşı bir az…Dirsək epizodunda hakimlər deyir ki, təsadüfdü. Onda bizdə deyək ki, Zamiq Əliyevin “Neftçi” ilə qırmızı vərəq epizodundakı kəllə anı təsadüf olub. Yorulmuşuq bu söhbətlərə qayıtmaqa. Komandam sona qədər, yaxşı mübarizə apardı. Hətta qol da vurdu. Səhvlər olmalıdı. İki ayın komandasıdı, çalışıram səviyyəni daha yuxarı qaldırım. Oyunçu çatışmazlığı var və axtarırıq.  Çalışdıq ki, əks-hücumda heç olmasa, bir qol vuraq, Bakıdan bir xalla dönək. Hakim səhvlərində bizim də axsamalarımız var. Buraxılan ikinci qola baxılacaq. Düzdü, heç nə qayıdası deyil. Artıq yorulmuşuq, qırmızı vərəqələr, sarı vərəqələr. 12 tur ərzində bir komandaya 26 sarı vərəqə göstərilib. Bizə qarşı nəsə olanda heç bir cəza verilmir. Amma biz nəsə edəndə cəzamız çox sərt olur. Futbolçularıma təşəkkür edirəm. Qarşıda bizi evdə ağır oyun gözləyir və fikrimizi həmin oyuna yönəltməliyik”.

Bu sözləri “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov deyib.

​O, Premyer Liqanın 13-cü turunun “Qarabağ”la (3:1) oyunundan sonra mətbuat konfransında iştirak edib.

– “Qarabağ”la oyunla bağlı xüsusi planınız var idi?
– Xeyr, xüsusi plan yox idi. “Qarabağ” oturuşmuş komandadı, uzun illərdir ki, bir yerdədilər. Baş məşqçi də uzun illərdir komandadadır, fəlsəfəsini komandaya yeridib. “Kəpəz” 5 ayın komandasıdı, mən isə iki aydır buradayam. Çalışıram ki, “Kəpəz” inamlı futbol oynasın. Müasir futbola yaxın oynamaq istəyirik. Qışa qədər komandanın təməlini bilməliyəm. Bu gün əks-hücumlarda daha sürətli hücumlar qurulmalıydı. Sərbəst, rahat futbol oynamalıydıq. Öz komandamın gücünə bələd idim. Qurban Qurbanovun rotasiyalar edəcəyini də bilirdim. Komandamın rəqiblərə qarşı fərqli yox, inamlı futbol oynaması üçün çalışıram.

– “Qarabağ”a qarşı komandanız normal futbol sərgiləsə də, əhvalınız yaxşı deyil. İtirlən iki xala görədi?
– Məğlubiyyət olmalıdı ki, inkişaf edəsən. “Qarabağ”ın gücünə bələd idik. Belə oyunlarda daha diqqətli olsalar, daha yaxşıdı. Çünki hər iki komanda əziyyət çəkir. Onların əziyyəti yerə vurulanda, biz baş məşqçilərə çox təsir edir. Buraxılan ikinci qol “sınma” nöqtəsi idi. Orada Elçin Əlicanovu itələyirdilər, VAR sisteminə baxılmır. Birinci hissədə Giorgi Kantariyanın sifətinə dirsək zərbəsi vurulur, hakim mənə də, futbolçuya da deyir ki, təsadüfdü. Təsadüf nəyə deyilir? Dirsək və açıq əl varsa, bu, təsadüf deyil. Bəzi epizodlar var idi ki, hakim səhvlərinə görə, çox əsəbi idim. Həm maliyyə baxımından hamıdan zəifik, həm yeni komandayıq. Çalışırıq ki, nəsə edək. Bu qədər olmaz. “Turan Tovuz”la ilk oyunumda qapımıza ikinci qol vurulmamışdan qabaq ofsayd var idi. Bunu dəfələrlə dedik. Amma VAR sistemi ofsaydda baxmadı, penaltiyə baxdılar. Əgər VAR sistemi varsa, qərarlar ədalətli olsun, heç bir komandanın haqqı yeyilməsin. VAR gələndə dedilər ki, heç bir komandanın haqqı yeyilməyəcək. Görünən odur ki, bəzi hallarda zərbə dəyir. Yeqo Xvalkonu uzun müddətə itirdik. Zədəlilərimiz çoxdu. Bunlar hamısı bizim üçün sıxıntıdı. Üstəlik, belə hadisələr də olanda, istər-istəməz əsəblərimizi cilovlaya bilmirik. Artıq keçdi, nəticə də bəllidi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43