29 Sentyabr 2024
Kateqoriyasız

“Xal fərqi məni maraqlandırmır” – Laurentsiu Regekampf

“Neftçi” Misli Premyer Liqasının 14-cü turunda doğma meydanda “Qəbələ”ni 2:0 hesabı ilə məğlub edib.

İdmanxeber.az-ın məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Laurentsiu Regekampf jurnalistlərin suallarını cavablandırıb:

– Azarkeşlər üçün yaxşı oyun oldu. Açıq oyun gedirdi, hər iki tərəf çoxlu qol epizodları yaratdı. Rəqib bizə qarşı çox sərt oynayırdı. Bu, mənim üçün bir sualdır. Biz evdə oynayırıq və rəqib gəlib bizdən daha aqressiv oynamağa çalışır. Ancaq bizim komandanın oyunçuları sarı vərəqələr görürdü. Rəqibin qol vurmaq üçün 2-3 real şansı var idi.

– Komanda qeyri-stabil çıxış sərgiləyir. Bunun səbəbi nədir?

– “Sumqayıt”a məğlubiyyət məncə təsadüfi idi. Məyus oluruq, çünki, orada 2 xal itirdik. Hər matçda qələbə qazanmağa çalışırıq. Hazırda zədəli oyunçularla bağlı problemlərimiz var. Bu gün Kenni Sayefi itirdik, Mbodcun durumu hələ bəlli deyil. Azər Əliyevlə Eddi İsrafilovun komandaya nə vaxt qoşulacağını bilmirik. Qışa qədər bacardığımız qədər xal qazanmağa çalışacağıq. Qış fasiləsində bizə kömək edəcək futbolçular gətirməyə çalışacağıq. Əminliklə deyə bilərəm ki, qışdan sonra komandanın səviyyəsi daha yaxşı olacaq.

– Komandanız qələbə qazanıb, amma məyus, aqressiv görünürsüz. Bunun səbəbi nədir?

– Məyusluğun səbəbi odur ki, yaratdığımız çoxlu epizodları dəyərləndirə bilmirik. Daxilən sevinirəm. “Qəbələ”nin yaratdığı epiozdlar yadıma düşür. Düşünürəm ki, belə olmalı deyil. Öz yaratdığımız şanslar da var ki, sonluqda düzgün qərar verə bilmirik. Bunlar da məndə sual yaradır, beynimdə fırlanır.

– Qodsvey Donyo etimadınızı doğruldur?

– Hazırda əlimizdə olan oyunçuların hamısı bizim üçün qızıl kimidir. Onları növbəti görüşlərə hazırlamalıyıq. Dekabra qədər oyunlarımız var. İndi dəyişə biləcəyimiz çox şey yoxdur. Donyo bu gün döyüşdü, mübarizə apardı. Bu gün göstərdiyi əzmkarlıq məndə gələcək üçün inam yaratdı.

– “Qarabağ”la aranızda 10 xal fərq var. Sabah fərq bir az da arta bilər. Çempionluq mübarizəsindən uzaqlaşdığınızı düşünmürsüz ki?

– Son oyunadək mübarizə aparacağıq. Bu xal fərqi məni maraqlandırmır. Biz “Qarabağ”a və ya başqa komandaya fikir verməli deyilik, öz oyunumuza köklənməliyik.

– “Sabah” – “Qarabağ” matçında hansı nəticənin sizin üçün faydalı olacağını düşünürsüz?

– Hazırda bizim üçün vacib olan amil ikinci yeri qaytarmaqdır. Əlbəttə ki, heç-heçə olsa, daha çox sərf edər. Düşünürəm ki, bu, mümkünsüz olacaq. Hər iki komanda açıq oyun nümayiş etdirəcək, qələbə qazanmağa çalışacaq.

– “Sabah”a azarkeşlik edəcəksiz?

– “Neftçi”yə azarkeşlik edirəm


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43