“Qəbələ səfərinin çətin keçəcəyini bilirdik. Oyuna pis başlamamışdıq. Ani diqqətsizlikdən qollar buraxdıq. Təəssüf ki, məğlub olduq. Bu oyunu yaddan çıxarıb qarşıdakı görüşlərə köklənməliyik”
Bu sözləri idmanxeber.az saytına “Sumqayıt”ın kapitanı Vurğun Hüseynov “Qəbələ” oyunu sonradı deyib. Təcrübəli futbolçu görüşdəki hakim performansına da toxunub:
“Qol epizodlarına diqqətlə baxılsın. Bilmirəm bu, VAR sistemi nə üçündür? Rəqibin ilk qolunda açıq qayda pozuntusu var idi. Hətta “Qəbələ”nin futbolçusu Rafael Utziq ayağımı tapdaladığını etiraf etdi. VAR olmasa hardasa başa düşmək olar. Ancaq bu sistem niyə gətirilib? Oradakı hakimlər xəbərdarlıq etməlidirlər. Necə baxırlar başa düşmürəm. Yüz faizlik qayda pozuntusu və sarı vərəqə verilməlidir”.
V. Hüseynov komandanın qeyri-stabil çıxışından da danışıb. O, sonuncu sıralarda olmağın əlavə təzyiq yaratdığını bildirib:
“Bu gün ən yaxşı oyunlarımızdan birini keçirdik. Xüsusilə ilk hissəni deyərdim. Heyətdə yeni futbolçular var. Onlar tam olaraq uyğunlaşdıqdan sonra daha fərqli çıxış edəcəyik. Son sıralarda olmağımız üzərimizdə çox təzyiq yaradır. Qarşıda bizi vacib “Kəpəz” oyunu gözləyir. Çox çətin olacaq. Mütləq qalib gəlməliyik”.
Həsən Quluzadə