Misli Premyer Liqasının 23-cü turunda “Zirə” öz meydanında “Qarabağ”la qarşılaşıb və məğlub olub – 0:1.
İdmanxeber.az-ın məlumatına görə, oyundan sonea “qartallar”ın baş məşqçisi jurnalistlərin suallarını cavablandırib:
– Son turda gözlənilməz və məyusedici şəkildə uduzmuşduq. “Qarabağ” isə avrokuboklarda yaxşı oyunla vacib qələbə qazanmışdı. Matça istəkli başladıq. Rəqibə oyunboyu pressinq tətbiq edirdik. Yaxşı əks-hücumlarımız oldu. 90 dəqiqə ərzində rəqibə qol imkanı vermədik. Ən azından bir xala layiq idik. Amma futbolda bəzən işlər istədiyimiz kimi getmir. Xala layiq idik, amma uduzduq.
– Toni Qomeş Antalya toplanışında yaxşı idi. Amma Premyer Liqa oyunlarında meydana ehtiyatdan buraxırsız. Səbəb nədir?
– İki-üç futbolçumuz var ki, onları əsas heyətdə meydana buraxmaq istəyərəm. Amma rəqabətdir. Hansısa futbolçuya keyfiyyətinə görə üstünlük verirsən. Bu gün Rüstəmə üstünlük verdik. İkisi arasında seçim edirdik. Toni soldan daha effektivdir. Orada rəqabət yüksəkdir. Toniyə daha çox şans vermək istəyirəm. Məşqlərdə də özünü yaxşı göstərir. Oyun elə gedirdi ki, dəyşiklik oyunu sındırardı. Ona görə sonda şans verdim. Rəqib böyük qüvvə ilə irəli atılmışdı. Məcbur idik müdafiəni düşünüb, əks-hücumlarda rəqibi yaxalayaq. Eldar Quliyev epizoddan daha yaxşı istifadə etsəydi, qolla nəticələnərdi.
– Eldar Quliyevin çıxışı ilə bağlı fikriniz necədir?
– Eldar hələ hazır deyil. Son rəsmi oyununu noyabrın sonunda oynayıb. Toplanış da keçməyib. Bu gün şans verdim ki, çempionatımızı hiss etsin. Hərəkətli futbolçudur. Hücumları yaxşı bacarır deyə, fikirləşdim ki, həm müdafiədə, həm də əks-hücumlarda faydalı olar. Əslində, effekt vermişdi. Bəlkə də, qol epizodunda daha erkən zərbə vura bilərdi. Bu gün meydanda göstərdikləri məni sevindirdi.
– Epizodları vursaydız, hər şey fərqli olacaqdı?
– Bilmək olmazdı. Bəlkə də “Qarabağ” daha da böyük qüvvə ilə irəli atılardı. Buradakı 1:7 hesabı ilə uduzduğumuz matçda ilk qolu biz vurmuşduq. Bu cür komandalarla oyunda sonradan fərqlənmək daha yaxşıdır. Qurban Qurbanov heyətdə rotasiyalar edir. Nə qədər rotasiyalar etsələr də, güclü heyətə malikdirlər.
– Əvəzetmələri tez etmək olmazdı?
– Nəticəyə görə dəyişiklik edən məşqçi deyiləm. Hər şey yaxşı gedirdi deyə etmədim.
– Demək olar ki, bu mövsüm “Qarabağ”a qarşı ən yaxşı oyununuzu oynadız?
– Elə demək olar. Bu il bir matçda böyük hesabla uduzmuşduq, birində də heç-heçə olmuşdu. Bu gün imkanlarımız da var idi. Əks-hücumlarımız olurdu. istifadə edə bilmədik. Son 7-8 oyunu yaxşı keçiririk. Bircə “Səbail”lə zəif idik. Söz vermişəm ki, danışmayacam. Səbrli olmalıyıq.
– Eldar Quliyev yerli pasportla oynayacaq gələcəkdə?
– Onu transfer etdikdə, özünə də demişdim ki, yerli gözü ilə transfer etmirəm. Bir ildir ki, istəyirdim onu. Sevinirəm ki, gəldi bizə. Azərbaycanı seçib oynasa, bir azərbaycanlı kimi məni sevindirəcək. Legioner kimi də oynasa, buna özü qərar verəcək. İstəyərəm ki, millimizdə oynasın. İstedadlıdır. Son illərdə onun kimi istedadlı oyunçuları milliyə qazandırmışıq. Eldarın da onlardan biri olmasını istəyərdim.
– Hakimlikdən narazı qaldız?
– Bugünkü hakimlikdən razı qaldım. Yaxşı hakimlik var idi. Ciddi iradım yoxdur. Epizodlara etiraz ediriksə, o demək deyil ki, narazıyıq.
– Əsasən dördüncü hakimə etiraz edirdiz…
– Əksinə. Mehriban dialoqumuz var idi.