“Kəpəz”in “Xəmsə” azad azarkeş qrupu bəyanat yayıb.
İdmanxeber.az-ın məlumatına görə, azarkeş qrupu komandanın nəticələrindən narahat olduğunu və tez bir zamanda komandanın toparlanmasına ümid etdiklərini bildirib.
Bəyanatı olduğu kimi sizə təqdim edirik:
BƏYANAT
Xəmsə Müstəqil Fanat Klubu olaraq “Kəpəz”i bütün ev və səfər matçlarında dəstəkləmişik. Komandanın hazırkı vəziyyəti, hamı kimi, bizi də narahat edir. Komandanın yalnız nəticəsi deyil, həmçinin göstərdiyi oyun bizi ciddi narahat edir. Komandanın maddi-texniki bazası və infrastrukturu ürəkaçan vəziyyətdə olmamasına baxmayaraq, komandanın nəticələri bizi qane etmir.
Xəmsə Müstəqil Fanat Klubu olaraq, həmçinin, “”Kəpəz”də yalnız gəncəlilər çalışmalıdır” fikrinin tərəfdaşı deyilik. Bizim üçün önəmli olan klubda çalışan şəxslərin öz işlərinə məsuliyyətlə yanaşması olub. Komandaya zərər verən şəxslərə qarşı isə mübarizəmizi davam etdirəcəyik.
Xəmsə Müstəqil Fanat Klubu olaraq qış fasiləsinədək ümidverici sayda xal toplanmazsa, klub rəhbərliyi və məşqçi heyətinin istefasını tələb edəcəyimizi, istefa gerçəkləşməzsə daha sərt addımlar atacağımızı bəyan edirik.
Sonda isə bildiririk ki, qış fasiləsinədək komandamıza lazımi azarkeş dəstəyini göstərməyə davam edəcək və bu yolda da klubun yanında olacağıq.