24 Sentyabr 2024
Ölkə futbolu

Azər Məmmədov: “Bu söz-söhbətlərlə qətiyyən razı deyiləm”

“Kəpəz” artıq mənim üçün arxada qalıb. Ancaq hazırda mətbuatda gedən bəzi söz-söhbətlərdən sonra bir neçə məsələyə aydınlıq gətirmək istəyirəm. Bəli, “Turan Tovuz” məğlubiyyətinin ardından istefa vermək istəyirdim. Ancaq İlqar Nadiri ilə danışdım və qışa qədər işləməyə qərar verdik. Klub rəhbəri hər zaman mənə dəstək olub. Hətta “Qarabağ” oyunundan sonra da ayrılmağımı istəmirdi. Sadəcə fikrim qəti idi. Qərara gəldim ki, getmək lazımdır”.

Bu sözləri İdmanxeber.az saytına “Kəpəz”in sabiq baş məşqçisi Azər Məmmədov deyib. O, kömək məşqçi Etibar İbrahimovla aralarında hər hansı bir problemin olub-olmamasından da danışıb. Belə ki, mətbuatda İbrahimovun Məmmədovun yerində gözünün olduğu iddia edilir. Azər bəy isə iddialara belə cavab verib:

Mən özüm də köməkçi məşqçi olmuşam. Çalışmışam ki, baş məşqçi nə deyirsə “bəli, bəli” deməyim. Köməkçilərimin hər dediyimlə razılaşmaması mənim üçün də xoş idi. Çünki ağıl ağıldan üstündür. “Kəpəz”də mənim 4 köməkçim olub. Hamısına azadlıq vermişdim ki, fikirlərini mənə rahat desinlər. Ancaq təbii ki, yekun qərarı özüm vermişəm. Mətbuatda çıxan bu söz-söhbətlərlə qətiyyən razı deyiləm. Belə bir şey ola bilməz. Bizim aramızda ancaq dostluq, qardaşlıq münasibətləri olub. Hamımız bir yerdə ən yaxşısını etməyə çalışırdıq. Heç özüm də buna izin vermərəm ki, köməkçim kobud şəkildə işimə qarışsın. Sadəcə, onlara azadlıq vermişdim. Bu da o qədər yalnış qərar deyil. İşin yaxşı getməsi üçün birlikdə çalışmalıydıq”.

“Kəpəz”in sabiq çalışdırıcısı Azər Məmmədov son günlərdə sosial şəbəkələrdə yayılan futbolçuların dönər almaq üçün növbəyə durmasına da münasibət bildirib:

“Açığı, bu videonu görməmişəm, ancaq xəbərim var. Bu, “Qarabağ” oyunundan sonra baş verib. Həmin matçdan sonra isə mən istefa barədə düşünürdüm. Matçın ardından oyunçularla söhbət etdim və onlara iki gün istirahət verdim ki, bu müddətdə klubla işlərimi yekunlaşdırım. “Qarabağ” görüşünün ardından hamılıqla Gəncəyə qayıtmadıq. 2 gün istirahət olduğu üçün bəzi uşaqlar Bakıda qalmağa qərar verdi. Tərs kimi avtobusda problem yarandı, təxminən 2 saat stadionda yubandıq. Ancaq futbolçulara istirahət verilibsə, artıq onlar sərbəstdir. Biz onları dönər yeyib-yeməməsinə görə izləyəsi deyilik. Həmin gün saat 12:00-da nahar etmişdik. Oyundan sonra isə artıq axşam idi, saat 7-8 olardı. Ola bilsin kimsə acıb və özünə dönər alıb. Bunlar təbii haldır. Qeyri-adi bir şey yoxdur. Onunla razıyam ki, oyunçular özlərinin dəyərini bilməlidir. Harda gəldi nəsə yeməməlidir. Bizim klubda yemək, otel məsələsi baxımından heç vaxt problem olmayıb. Hər şey yüksək səviyyədə olub. Büdcəmizə görə ən yaxşısını etmişik. İnanın ki, bütün bunları düzgün və səmimi şəkildə deyirəm”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43