24 Sentyabr 2024
Ölkə futbolu

”Baxımlı futbol oynamağı düşünməsək, nəticələrimiz az olar“ – Qurban Qurbanov

“Çox vacib oyundur. Hiss edirik, görürük, oxuyuruq, bizə böyük dəstək var. Bakıda futbol ab-havası var. Bizim üçün məsuliyyətli oyundur. “Bayer” tanış rəqibdir. Bu komandaya qarşı oynamaq xoşdur. Bu gün Bundesliqanın lideridirlər, çox yaxşı məşqçilər korpusu var. Çox bacarıqlı, keyfiyyətli iş quran klubdur. Struktur baxımından belə klubdan böyük təcrübə yığırıq. Pis hazırlaşmamışıq. Futbolçuların hazırlığı yaxşıdır. İnanıram ki, sabah meydanda futbolçular özlərinin ən yaxşı oyununu göstərəcəklər. Dinamik komandaya qarşı oynayacağıq. Sabah təkcə fiziki güc yox, 90 dəqiqə oyunun içində olmaq, düşünmək çox vacibdir. İnanıram ki, sabah stadion tam dolacaq və azarkeşlər üçün maraqlı, yaxşı, mübarizəli oyun göstərəcəyik”.

İdmanxeber.az məlumat verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1/8 final mərhələsinin “Bayer”lə (Leverkuzen) ilk oyunundan öncə keçirilmiş mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis fikirlərinə belə davam edib.

”Baxımlı futbol oynamağı düşünməsək, nəticələrimiz çox az olar. Sadəcə, bəzən tam düşündüyümüz kimi niyə alınmır? Rəqib imkan vermir. Amma tələblərimizdən, oyunumuzdan əl çəkmirik. Mənim üçün ev-səfər düşüncəsi yoxdur. Çünki dəfələrlə bildirmişəm ki, biz çəkinərək, sırf nəticəyə oynamaq lazımdı deyə, belə fikir formalaşdırsaq, az nəticələr qazanarıq. Biz baxımlı futbol oynamalıyıq. Azarkeşlərin komandanın yanında olması üçün də bu, vacibdir. Azarkeşlər rəqibin üzərində gərginlik yaradacaqsa, bu bizim üstünlüyümüzdür. Sabah da istədiyimiz hücumları qurmağa, oyunumuzu oynamağa çalışacağıq. Ola bilər ki, hardasa rəqib ustalıqda bizi üstələyər. Amma inanmıram ki, sabahkı matçda öz oyunumuzu göstərə bilməyək. Belə fikrim yoxdur. Aktiv, aqressiv şəkildə, rəqibə dəyər verərək oynayalıyıq. Böyüməyimiz üçün bunlar çox vacibdir. Nəticə verib, böyümək istəyiriksə, böyük komandalara qarşı istədiyimizi meydanda göstərməyə çalışmalıyıq. Ola bilər ki, bu 60 dəqiqə olsun..Amma bunu bacarırıqsa, demək ki, gələcəkdə daha yaxşı olacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43