20 Sentyabr 2024
Ölkə futbolu

“Pul baxımından “Neftçi”nin mənə yaxşı təklif verəcəyini düşünürəm”

“Neftçi”nin futbolçusu Rəhman Hacıyev İdmanxeber.az saytına müsahibə verib. 30 yaşlı futbolçu “Qəbələ” görüşündən və komandanın ölkə kubokunda “Qarabağ”a qarşı şanslarından söz açıb. O, “ağ-qaralar”la yeni müqavilə imzalayıb-imzalamayacağı barədə də danışıb. 

– Oyundan qalib ayrılsanız da, heç də yaxşı çıxış etmədiniz. “Qəbələ”nin kifayət qədər epizodu oldu. Görüşü necə şərh edirsən?

Meydança bizə çətinlik yaratdı. Ot çox idi, sulanmamışdı. Top da istədiyimiz kimi getmirdi. Topun sürətini hiss edə bilmirdik. Bu bizə çətinlik yaratdı. Bilirsiniz ki, burada oksigen problemi də olur. Görüşün ilk 30-35 dəqiqəsini oynamaq heç də asan olmadı. Nəticədə komanda olaraq yaxşı çıxış etdik, hamı can qoydu. Önəmli olan 3 xalı qazanmaq idi. Bütün uşaqları təbrik edirəm.

– “Qəbələ”nin meydançasından bütün ölkə həmişə razılıq edir. Səncə, bu dəfə niyə belə olub?

Niyə belə olduğunu bilmirəm. Amma biz də həmişə razılıq etmişik. Meydanın düz olması çox əladı. Ancaq ot çox olanda, meydança sulanmayanda oynamaq ağır olur. Bəlkə də sulanıb sonradan quruyub. Amma bizim üçün çətinlik yaratdı.

– “Qəbələ” məğlub olsa da, kifayət qədər qol epizodu yaratdı. Səncə, “Neftçi”nin bu oyunu nəyə ümid verir? 

Bəli, rəqibin şansları çox oldu. Amma biz də pis mübarizə aparmadıq. Futbolda epizodlardan istifadə etmək lazımdır. Onlar edə bilmədi, biz bacardıq. Qələbə həmişə önəmlidir. Komandanı özünə gətirir. Bəzən bir qalibiyyətdən sonra uğurlu seriya başlayır. Ona görə də bu 3 xalı çox vacib hesab edirəm.

– Əzəli rəqibiniz “Qarabağ” mart ayından çempionluğu rəsmiləşdirdi. Bu sizə necə təsir edir?

Xoş bir hal deyil. Rəqabət nə qədər çox olsa, çempionat daha maraqlı olar. Belə tez çempionluq qazanmaq Premyer Liqa üçün də yaxşı deyil. Amma onları təbrik etmək lazımdı. Qarşıda “Qarabağ”la vacib kubok oyunumuz var. Bu oyun üçün hər kəs ümidlidi. Heç kim ağlına neqativ fikir gətirmir. Onlara qarşı da yaxşı çıxış edib, qələbə qazana bilərik. Buna gücümüz var. Hazırda həmin görüşü və qarşıdakı oyunları düşünürük. “Qarabağ” çempion olsa da, hər şey bitməyib. 

– Azarkeş qrupunuz oyunları boykot edir. Onlara nəsə çağırış etmək istəyirsən?

Onlara haqq qazandırıram. Çünki mövsümə çox pis başladıq. Məşqçilər gəldi-getdi. İndi də yeni məşqçimiz var. Çətindi. Amma onları geri qaytaracağıq. Nə olursa olsun, azarkeşlərə ehtiyacamız var. Dəstəkləri bizim üçün önəmlidir. 

– Mətbuatda “Nefçti” ilə yeni müqavilə imzaladığın bildirilir. Nə dərəcə doğrudu?

Danışıqlar gedir. Yekun razılaşma yoxdu. Fikrim “Neftçi”də qalmaqdı. Başqa təkliflərim də var. Amma mənim üçün öncəlik “Neftçi”di. Hələlik müqavilə bağlamamışam.

– Anlaşmanın olmamasına mane olan nədir? Maaş məsələsi müzakirə edilir?

Xeyr, deməzdim. Mən heç vaxt 1000-2000 aşağı-yuxarı söhbəti etməmişəm. Belə şeyləri xoşlamıram. Əsas olan komandanın mənə qoyduğu hörmətdi. Təbii ki, pul önəmlidir. Amma ondan da dəyərli şeylər var. Pul baxımından “Nefçti”nin mənə yaxşı təklif verəcəyini düşünürəm. Hələlik belə söhbət olmayıb. 

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43