Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Fernandu Santuşun yığmaya baş məşqçi təyin olunması barədə danışıb.
İdmanxeber.az saytına açıqlama verən təcrübəli yarımmüdafiəçi portuqaliyalı mütəxəssisin təyinatını belə şərh edib:
“Hər kəs kimi mən də istəyirəm ki, Santuş milli komandaya xeyir versin. Hamımız uğurlu olmasını istəyirik. Nəticələrin necə olacağını zaman göstərəcək. Bizim də yaxşı futbolçularımız var. Ad olaraq deməyim doğru olmaz. Məncə, millimizin Avropa və ya dünya çempionatına gedəcək səviyyəsi var. Yetər ki, hamılıqla bunun üçün mübarizə aparaq”.
Türkiyə I Liqa klubu “Boluspor”da çıxış edən İsgəndərli gələcək karyerası barədə də danışıb:
“Hazırda bir neçə klubdan təkliflər var. Amma “Boluspor”da qalmaq ehtimalım çoxdu. Hələ ki, Azərbaycana qayıtmaq istəmirəm”.
Həsən Quluzadə