“Şerif” çox ciddi rəqibdi. Onlar Moldova çempionatının “Qarabağ”ıdı. Son mövsümə baxsaq, yalnız bu il çempionluğu qaçırıblar. Bu komanda hətta Çempionlar Liqasının qrup mərhələsinə düşüb”.
Bu sözləri İdmanxeber.az saytına “Zirə”nin sabiq baş məşqçisi Zaur Həşimov qəsəbə təmsilçisinin Avropa Liqası I təsnifat mərhələsində Moldova “Şerif”i ilə qarşılaşmasına münasibət bildirərkən deyib. O, daha sonra belə davam edib:
“Şerif”in heyətində çox yaxşı legionerlər var. Onlara hörmət etmək lazımdı. Bütün bunlara baxmayaraq, rəqib “Zirə”nin gücünə görə komandadı. Təmsilçimiz də mövsümü yaxşı keçirib. Çempionatın ən az qol buraxan klubudu. Komandaya yeni transferlər də qoşulub. Junior Martins, David Volkov kimi yeni simalar var. Düzdü, daha bir neçə transferə də ehtiyac duyulur. Ümid edirəm ki, mərhələni keçən tərəf “Zirə” olar.
Oynamaq lazımdı. “Şerif” keçiləsi rəqibdi. Həmişə belə çətin rəqiblər olanda yadıma “Qarabağ”ın avrokuboklarda ilk ili düşür. Komanda çox yaxşı irəliləyib, pley-offa qədər gəlmişdi. Özü də bütün heyət yerli futbolçulardan ibarət idi. Oynamaq lazımdı. Bəlkə “Zirə” də bir neçə mərhələ keçəcək”.
Həsən Quluzadə