26 Noyabr 2024
Ölkə futbolu

Qurban Qurbanov: “Psixoloji tərəfdən tam hazır olmağa çalışmalıyıq”

“Bütün komandalarımıza uğurlar arzulayıram. Həm Avropa Liqası, həm Konfrans Liqasında oynayacaq Azərbaycan klublarının hər birinə uğurlu nəticələr arzu edirəm. İnanıram ki, bu il Azərbaycan futbolu üçün uğurlu olacaq”.

İdmanxeber.az-ın məlumatına, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun saytına açıqlamasında deyib. O, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirib. Ağdam təmsilçisi bu mərhələdə “Linkoln” (Cəbəllütariq) – “Hamrun” (Malta) cütünün qalibi ilə qarşılaşacaq. 

 

 

Q.Qurbanov bu matçlara çox ciddi hazırlaşacaqlarını deyib: “Bizim üçün 2-ci təsnifat mərhələsindəki görüşlər ən ciddi hazırlaşdığımız oyunlar olmalıdır. Çünki bu mərhələdən başlamaq bizim üçün yeni tanışlıqdır. Digər komandaların hazırlığı bizdən daha yaxşı ola bilər. Onlar iki rəsmi oyuna çıxacaqlar. Bu, böyük təcrübədir. İlk matça hazır olmaq üçün maksimum çalışacaq və işimizi düzgün quracağıq.

“Linkoln” bizə tanış rəqib olsa da, futbol elə səviyyəyə çatıb ki, istənilən komandanın uğurlu nəticə əldə etməsi mümkündür. Hamı fikirləşir ki, çox yaxşı, uğurlu püşk olub və bizi mərhələni keçmiş kimi görürlər. Belə fikirlər futbolçulara təsir edə bilər. Psixoloji tərəfdən tam hazır olmağa çalışmalıyıq. Futbolçularım peşəkardırlar, məsələnin məsuliyyətini anlayırlar və qarşıdakı günlərdən maksimum düzgün yararlanacağıq. Uğurlu nəticə əldə etmək istəyirik”.

Qeyd edək ki, “Qarabağ”ın ilk oyunu səfərdə olacaq. Çempionlar Liqasında ikinci mərhələnin matçları 23/24 iyul – 30/31 iyulda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43