27 Noyabr 2024
Ölkə futbolu

“Zaur Ramazanov lazım olanda sözünü deyir” – Ağabala Ramazanov

“Karyeramı bitirməyim mənim üçün çətin qərar idi. Əsas səbəb hamıya da bəlli olduğu kimi zədəmdi. Güc yığmaq üçün zamana ehtiyacım vardı. Əvvəlki formaya qayıtmağa bir təlim-məşq toplanışı bəs edərdi”.

Bu sözləri İdmanxeber.az saytına bu yaxınlarda futbolçu karyerasını bitirən Azərbaycan millisinin sabiq üzvü Ağabala Ramazanov deyib. Ötən mövsümü “Səbail”də keçirən oyunçu klubdan ayrılmasını belə şərh edib:

“Komanda ilə müqaviləm bitdi və oradan ayrıldım. “Səbail” barədə çox danışmaq istəmirəm. Düzdü, əvvəlki formamı bərpa edə bilərdim, həyatda mümkünsüz heç nə yoxdu. Amma belə alındı”.

O, qardaşı Zaur Ramazanovun “Səbail”in baş məşqçisi Şahin Diniyev barədəki tənqidi sözlərinə belə cavab verib:

“Zauru bütün Azərbaycan tanıyır. Xasiyyətinə hamı bələddi. Lazım olan yerdə sözünü deyib”.

Ağabala “Səbail”dən ayrılan kimi birbaşa karyerasını bitirdiyini və məşqçiliyə başlamaq istədiyini bildirib. O, yaxın zamanda məşqçilik kurslarına yazılacağına da vurğulayıb.

 Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43