23 Dekabr 2024
Ölkə futbolu

Krunoslav Renduliç: “Şamaxı”nın çərçivəyə iki zərbəsi oldu, onlar da qolla nəticələndi”

“Şamaxı”nı bir xala görə təbrik edirəm. Demək olar ki, bu oyunun taleyini birinci hissədə həll etməliydik. Amma ilk yarıda qol buraxdıq. Fasilədən sonra yenə səhvimiz oldu, rəqib də bundan yararlandı. “Şamaxı”nın çərçivəyə iki zərbəsi oldu, onlar da qolla nəticələndi.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Premyer Liqanın 1-ci turunun “Şamaxı” ilə görüşdən sonra mətbuat konfransında deyib. O, daha sonra belə davam edib:

“Bir şeyi nəzərə almaq lazımdır ki, “Makkabi” ilə ağır oyun keçirmişdik. Həmin oyun 3 saat çəkdi. Futbolçular fiziki və mental cəhətdən çox yorulmuşdular. Dünyada da belədir, bu tip matçlardan sonra rəqibin kimliyindən asılı olmayaraq, xal itkisi mümkündür.

Bəhanələrə sığınmaq istəməzdim. Bu gün üç qırmızı vərəqəyə və zədələrə görə, oyunu buraxan futbolçularımız var idi. Oynamayan oyunçular meydana çıxdı. Mən onların performansından da razı qaldım. İlk onbirlikdə birdən-birə 6-7 oyunçu dəyişmək çətindir. Çünki bu qədər oyunçu dəyişikliyi edəndə, oyunundakı kimya da itir. Amma başqa variantlarımız da yox idi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43