“Başa düşürük ki, sabah bizi vacib oyun gözləyir. Rəqib doğma meydanda sərfəli nəticə qazanmağa çalışacaq. Biz də oyuna eyni istəklə çıxacağıq. Yaxşı komandaya qarşı oynayacağıq. “Osiyek” maraqlı, baxımlı futbol oynayan komandadır. Rəqibin böyük azarkeş dəstəyi var. Düşündüklərimizin alınması üçün əlimizdən gələni edəcəyik”.
İdmanxeber.az-ın məlumatıba görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Osiyek” oyunu öncəsi deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
– “Osiyek”i nə qədər təhlil etmisiz?
– Maraqlı bir təsadüf var. Bundan əvvəlki rəqibimizi təhlil edərkən onların “Osiyek”lə yoxlama matçını izləmişdik. Artıq ona görə rəqibi yaxşı tanıyırdıq, müəyyən məlumatımız var idi. Amma təbii ki, püşkdən sonra onları daha dərindən təhlil etməyə çalışdıq. Bu səviyyədə rəqiblərdən meydanda hər an manevr gözləyirsən. Bizim verdiyimiz reaksiyalar çox önəmli olacaq. Cavab oyununda hər iki komanda bir-birinə daha yaxşı bələd olacaq. İkinci matç həlledici olacaq. Hər ikimizi çempionatda derbi oyunu gözləyir. Biz “Sabah”a, “Osiyek” isə “Dinamo”ya qarşı oynayacaq. Amma artıq pley-offun bir addımlığındayıq. Hər iki komanda üçün prioritet avrokubok matçı olacaq.
–Rəqib ölkə çempionatında məğlub oldu. Bu haqda nə deyə bilərsiniz?
– Oyun çox maraqlı məcrada keçdi. Rəqib “Şibenik” meydanda əzmkar mübarizə apardı. Buna baxmayaraq, “Osiyek” üstünlüyə yiyələnirdi, dominantlıq edirdi. Sabah meydanda ən güclü “Osiyek”i gözləyirik.