Ötən mövsüm “Zirə” ilə bağlı yazılarımın birində Rəşad Sadıqovun düşündüyü oyunla, meydandakı komanda arasında ciddi fərq göründüyünü yazmışdım. Düzdü, komandada sistem yaratmağın, stabil olaraq doğru oynamağın çox çətin olduğunu yaxşı bilirəm. Bu səbəbdən də Sadıqovun kollektivi üçün səbrli olmaq mövqeyində idim.
Açığı, ötən mövsüm sona qədər bu fikirdə qalmaq çətin oldu. Aşağı-yuxarı komandanın bütün oyunlarını izlərkən müxtəlif fikirlərdə olurdun. Gah “Sadıqovda alınmır”, gah da əksini görürdüm. Daha da açığı “Zirə” avrokuboklara vəsiqəni təmin etsə belə oyunu bəyənmirdim, gözlədiyimi görmürdüm.
Klub üstünə düşən işi görsə də, oyun qətiyyən dad vermirdi. Və müasir futbolun – avrokubokların uzağında idi. Xüsusən də komandanın bu qədər aşağı templə çıxış etməsi təsnifat oyunları üçün böyük sual işarəsi idi.
Çünki Sadıqovun seçdiyi “eninə futbol” fəlsəfəsi darıxdırıcı və yaradıcılıqdan uzaq oyun planı görüntüsü yaradırdı. Komandanın müdafiə futbolu oynadığı damğasının vurulması da bu səbəbdən idi.
Ancaq “Zirə” mən də daxil çoxlarını təəccübləndirdi. Bəlkə kimlərsə hələ də bəyənmir, onu deyə bilmərəm. Ancaq qəsəbə təmsilçisinin cari mövsüm avrokubok çıxışı mənim üçün ideala yaxındı. Yəni gözləntilərimin çox üzərindədi. Sözsüz ki, çatışmazlıq var və həmişə də olacaq. Əsas olan artıq görülə biləcək ciddi inkişaf var. Bu, həm ümiddi, həm də Sadıqovun bu günə qədər verdiyi ən ciddi siqnaldı. Rəşad bəy mənə görə, böyük məşqçi ola biləcəyinin işarəsini verməyə başlayıb. Çünki avrokuboklar həm də meydan oxumadı. Xüsusən də daxildəki futbol ictimaiyyətinə. Əminəm ki, Sadıqovu əsas motivasiya edən sırf bu amildi.
Komandanın bundan sonra hansı nəticə verəcəyini dəqiq demək olmur. Ancaq səfərdəki “Şerif”, evdəki “DAC 1904” və dünənki “Osiyek” oyunları heç də kənara atılacaq iş deyil. Çünki “Zirə”ni heç vaxt belə görməmişik. Bəlkə də çoxlarımız təssəvvür də etmirdi. Ancaq gördük və ən əsası başa düşdük. Artıq komandanın oyununun başa düşülməsi məşqçinin ən böyük qələbəsidi. Çünki o, həmişə bunun çətinliyini çəkirdi.
Mənə görə oyun istənilən nəticədən daha önəmlidir. Çünki oyun varsa, nəticə mütləq olacaq. Bəzən qələbələr olur ki, yenə də tam fikir demək olmur, tədirginlik davam edir. Ancaq bu gün vəziyyət dəyişib. Rəşad Sadıqov özünə qarşı olan yanaşmanı sahmana saldı, psixoloji təzyiqə qarşı ciddi üstünlük əldə etdi. Bunun davamı da gələcəyi təqdirdə, işlər çox daha yaxşı və ən əsası təccübləndirmədən davam edəcək.
Həsən Quluzadə