UEFA Konfrans Liqası III təsnifat mərhələsində “Sabah” səfərdə “Sent Patriks”ə (İrlandiya) məğlub olub (1:0).
İdmanxeber.az-ın məlumatına görə, matçın ardından futbolçuların performansları qiymətləndirilib. Oyunda komandamızın qapıçısı Yusif İmanov “Sabah”ın ən yüksək bal alan futbolçusu olub. Nüfuzlu “flashscore” nəşri mütəxəssisləri qolkiperin çıxışını 7,3 olaraq dəyərləndirib.
Təmsilçimizdə ən aşağı qiymət alan futbolçu isə İvan Lepinitsa olub. İkinci sarı vərəqədən “qırmızı” alan oyunçuya 4,1 qiymət verilib.
Xatırladaq ki, “Sabah”ın qapıçısı Yusif İmanov “Makkabi” ilə görüşlərdə də mütəxəssislərdən yüksək bal almışdı. O, İsrail təmsilçisiylə səfər oyununda 8,1 xalla matçın ən yaxşısı olub. Bakıdakı görüşdə isə İmanov 7,1 balla yüksək qiymət alan futbolçular siyahısında idi.