15 Noyabr 2024
Ölkə futbolu

Qurban Qurbanov: “Biz heç bir rəqibə zəif gözü ilə baxmırıq”

“Futbolçularımı təbrik edirəm. Çox yaxşı oyunla yaxşı qələbə oldu. Yaxşı, dinamik, sürətli oynadıq. Çox razı qaldım. Rəqib haqda məlumatımız az idi, yeni komanda qurublar. Bəzi oyunlarına baxmışdıq. Yaxşı müdafiə olunmağı sona kimi bacaran kollektiv gördük. Hücumlarda da maksimum iştirak etmək istəyirdilər. “Kəpəz”ə uğurlar arzulayıram. İnanıram ki, get-gedə Adil Şükürov komandanı formalaşdıracaq. Hiss edilirdi ki, tam hazır deyillər. Amma oyundan-oyuna keçənilki “Kəpəz”i görəcəyik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Kəpəz” oyunu (3:0) deyib. O, daha jurnalistlərin suallarını cavablandırıb:

– Qapıçı Sadiq Məmmədzadə “Qarabağ”da debüt etdi. Onun çıxışı haqda fikriniz necədir? Gələcəkdə yenə şans veriləcək ona?

– Sadiqin bir o qədər işi də olmadı. Niyə də oynamasın? Daha yaxşı səviyyəyə gəlsə, potensialı çoxalar. Qapıçı məşqçiləri ona güvəndiklərini desələr, mən də görsəm, ona maksimum şans verməyə çalışacağıq. Böyümək üçün, kollektivə daha tez uyğunlaşması çox vacibdir. Bacarıqlı, istəkli biridir.

– Sizcə, “Qarabağ”ın Premyer Liqada ən böyük rəqibi hansı komandadır?

– Özümüzü tam ayırmaq istəməzdim. Heyətinə baxanda, keçənilki “Sabah” bizi məğlub etmişdi. O potensial onlarda var. Ümumiyyətlə, özümüzü onlardan ayırmaq istəmirik, “Sabah”dan, “Neftçi”dən. Başlanğıcdır. Əksinə, biz qarşıdakı oyunlara maksimum hazır olmalıyıq. Çünki avrokubok oyunları istənilən komandaya böyük inam verir. “Zirə” və “Sabah” yollarına davam edirlər. Futbolçular daha sərbəst olurlar. Hələ ki, fikir bildirmək çox tezdir. Əksinə, bu il bəlkə o rəqiblərin sayı daha da çoxaldı. Biz heç bir rəqibə zəif gözü ilə baxmırıq. Sırf konkurent kimi baxırıq.

– Musa Qurbanlının durumu nə yerdədir?

– Normaldır. Fərdi məşqlərə başlayıb. Toplu çalışmalara da həmçinin. Mülaicəsi normal gedir.

– “Ludoqorets”in baş məşqçisi Georgi Dermençiyev bildirib ki, “Qarabağ” səfərdə qalib gəlmək üçün ağıllı oynamalıdır…

Çalışırıq ki, həmişə ağıllı oynayaq. Daha çox güc sərf etmək lazım olacaq. Başqa çıxış yolumuz yoxdur. Qalib gəlmək lazımdır. Bununla yanaşı, Bakıdakı bəzi səhvləri etməli deyilik. İnanıram ki, futbolçularım buradakı oyundan daha yaxşı, daha möhkəm oynayacaqlar. Buna ehtiyac var. Qarşımızdakı rəqibə hörmətlə yanaşmaq lazımdır. Əvvəlcədən də demişdim ki, oyunçularının ustalığı yüksəkdir. Bakıda bunu tam gördük. Üstünlük bizim tərəfdə idi. Amma çox tez bir zamanda qol epizodları yaratdılar. Buna hazır olmalıyıq. Təcrübəmiz var. Qələbə üçün çalışacağıq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43