14 Noyabr 2024
Ölkə futbolu

“Komandanı daha da yaxşı vəziyyətə gətirməyə çalışırıq”

“Yeni qurulan komandayıq. Yeni oyunçular gəlib. Komanda formalaşdırmaq müəyyən vaxt alacaq. Belə nəticələrin olması da təbiidir. Komandanı daha da yaxşı vəziyyətə gətirməyə çalışırıq. Ötənilki kimi mübariz komanda formalaşdırmaq istəyirik. Bu yöndə də işimiz davam edir”.

İdmabxeber.az-ın məlumatına görə, “Kəpəz”in baş məşqçisi Adil Şükürov “Qarabağ” oyunu (0:3) barədə danışarkən deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

– Danışıq apardığınız futbolçu var?

– Bir nəfər var. Keverton bizimlədir. Çalışacağıq ki, gələn həftə sifariş edək, oyunlarda iştirak etsin.

– Komandanı qurmaq üçün nə qədər vaxt lazımdır?

– Özüm komandaya inanmaq istəyirəm. Məşqçi olaraq komandaya inanmalıyıq. “Kəpəz” elə-belə komanda deyil, tarixi klubdur. Azarkeş də bu məğlubiyyəti qəbul etmir. Biz də etmirik, istəmirik. Məğlubiyyətlər acıdır. Futbolçuların psixoloji durumlarını düzəltmək istəyirik. Hər kəs istəyir ki, əvvəlki komanda qurulsun. Ötənilki komandanın demək olar ki, 80-90 faizi yoxdur.

– “Kəpəz”in oyunçularını Premyer Liqanın digər klubları götürür. “Zirə” üç futbolçunuzu transfer etdi. Ola bilər ki, bu fubtolçularla uzunmüddətli müqavilə imzalayasız?

– Bu yöndə də işlərimizi aparırıq. Əksər oyunçularla 1+1 şərtilə müqavilə imzalayırıq ki, gələn il komandanı gücləndirək. Futbolçularla 3 illik müqavilə imzalamaqla deyil, müqavilə şərtlərini yerinə yetirmək lazımdır. Komandaya dəstək olmalıdır. Olmayanda, istəyirsən 10 illik müqavilə imzala, əhəmiyyəti qalmır. Futbolçunu saxlamaq üçün müəyyən artım olmalıdır. Ödəyə bilmiriksə, komandanın aparıcı oyunçuları gedir. Tam başqa fikirləşirdik, başqa şeylər qarşımıza çıxdı. Hər kəsdən də istəyirəm ki, mübariz “Kəpəz” üçün səbirli olsun.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43