07 Noyabr 2024
Ölkə futbolu

Şahin Diniyev: “Heç-heçə başlanğıc üçün yaxşıdır”

“Bu gün yaxşı “Səbail” gördük. Komandanın orta yaş həddi 23,7-dir. Bu komanda qaçmalı, vuruşmalıdır. Yeni komandayıq. Bu gün heyətin 9-10 nəfəri keçənilkindən fərqli idi, yenilərdir. Ötən tur Zirədə ilk oyuna çıxdıq, ilk 45 dəqiqədən sonra komandanı dəyişə bildik. Potensialımız var. Oyun maraqlı keçdi. Azarkeşlər üçün bolqollu, şanslı oyun idi. Baxmayaraq ki, iki qol oldu. Biz generallardan ibarət “Neftçi”yə qarşı əsgərlər oynayırdıq. Potensiallar arasında fərq var idi. Amma oyunda bunu görmədik. Vuruşduq. “Neftçi”yə oynamağa imkan verməməyə çalışdıq. Qələbə də qazana bilərdik, uduza da bilərdik. Heç-heçə başlanğıc üçün yaxşıdır. Artırmalıyıq. Futbolçularıma təşəkkür edirəm. Tapşırıqları tam yerinə yetirdilər”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev “Neftçi” oyunu (1:1) sonrası deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

– Sizə nə qədər vaxt lazımdır ki, komanda tam oturuşsun?

– Vaxtdan çox daha çox çalışmaq lazımdır. Vaxıtmız yoxdur, hər gün işləməliyik. “Zirə” ilə oyundan bu yana irəliləyiş var. Deyə bilmərəm, 4-5 oyun. Hərəkətli komandayıq. Futbolçular arasında anlaşma yaxşı deyil. Oyunçularda istək var.

– Aleksander Ramalinqomun gedişindən sonra sırf hücumçu sanki görünmür. Transfer edəcəksiz?

– Transferlərə nöqtə qoymuşuq. Ən azından dekabra qədər. Ramalinqom 6-7 turdan sonra başladı. Ayman Boali formasını yığdıqdan sonra çox yaxşı oynayacaq. Biz komanda halında oyunumuzu gücləndirmək istəyirik. Bir oyunçudan asılı ola bilmərik. Bütün futbolçular lider olmalıdır. Futbolçuya yox, döyüşçülərə ehtiyac var. Keçən il hamı ilə rəqabət aparan “Səbail” gördük. “Qarabağ”a da qalib gəldik. Yenidən komanda düzəldirik. Problemləri addım-addım həll edəcəyik. Demirəm ki, avrokuboklara oynayırıq. Söz verirəm ki, yaxşı, rəqabət yaradan “Səbail” olacağıq. Sonuncu yer uğrunda mübarizə aparan “Səbail” görməyəcəyik.

– Bu oyun həm “Neftçi”, həm də “Səbail” üçün vacib idi. Bu bir xal sizə, yoxsa “Neftçi”yə yaradı?

– Biz udmalıydıq desəydim, ədalətsiz olaram. Ədalətli nəticə bu idi. Sadəcə bir az yaxın olan biz idik. Epizodlarımız var idi. “Neftçi” – “Turan Tovuz” matçına baxdınız. O oyunun keyfiyyəti və bu oyunun keyfiyyəti… Özünüz baxın. İki cür məqşçi olur. Biri sırf nəticə üçün oynayan, digəri yaxşı futbol oynadan. Bəlkə də “Zirə” ilə görüşdə 10 nəfərlə geridə otursaydıq, xal qazanardıq. Amma mən futbol istəyirəm, keyfiyyətli futbol. İstəyim odur. Ona çatmaq çətindir.

– Rüfət Abdullazadə kapitanlıq sarğısını Cabir Əmirliyə vermədi…

– Bəzən danışdıqdan sonra özüm də başa düşmürəm, nə deyirəm. Futbol emosiyalar oyunudur. Şahmat kimi gediş düşünsən, alınmır. Rüfətin yadına düşmürdü ki, kapitanlıq ondadır.

– Hakim idarəçiliyi ilə bağlı mövqeyiniz necədir? Narazı görünürdüz..

– Məşqçi görmüsüz ki, hakimlikdən razı olsun? Bu gün hakimlik ideal vəziyyətdə idi. Kamal Umudluya təşəkkür edirəm ki, oyunun ipini buraxmırdı. Cüzi səhvlər olurdu. Amma ondan da çoxunu mən edirəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43