02 Noyabr 2024
Ölkə futbolu

Rəfiyevi gözləyən təhlükə – Dalğa böyüyür

“Sumqayıt”ın “Turan Tovuz” məğlubiyyəti növbəti dəfə Riad Rəfiyevin uğursuz idarəediciliyini gündəmə gətirib. Azarkeşlər “Fehervar”a qarşı aşağı səviyyəli oyundan sonra klub rəhbərinə göstərdiyi sərt təpkini davam etdirir.

Komandaya cəlb edilən oyunçuların bəs etmədiyi və heyətin güclənməli olduğu bildirilir. Hətta baş məşqçi Samir Abasovun da dözə bilməyib dilə gətirdiyi bu vacib məsələ hələ də Riaf Rəfiyev tərəfindən qulaq ardına vurulur.

Nəhayət, təcrübəli mütəxəssis dünən “Turan Tovuz” oyunundan sonra keçirilən mətbuat konfransında artıq transferlə bağlı danışmaq istəmədiyini bildirərək, sanki Rəfiyevə nəsə deməyin mənasız olduğunu etiraf etdi.

Bu məsələdən narazı olan yalnız Abasov deyil. Təxminən bir aydır sosial şəbəkədə Rəfiyevə olan etiraz dalğasına artıq futbolçular da qoşulub.

Komandanın kapitanı Elvin Bədəlov saytımıza verdiyi müsahibədə heyətin güclənməli olduğunu açıqlayıb. Hətta komandada hər kəsin bunu gözlədiyini də bildirib. Bu, “Sumqayıt”ın prezidenti üçün açıq mesajdır. 

Riad Rəfiyev ya məsuliyyəti üzərinə götürüb Sumqayıt kimi futbol şəhəri olan, böyük azarkeş kütləsinə sahib kluba layiqli rəhbər olmalı, ya da geri çəkilməlidir. Əsk təqdirdə “Sumqayıt”ı daha betər günlər gözləyə bilər.

Bu gün çempionatda hər kəs güclənir, hədəf böyüdür. Amma ötən il yüksək səviyyədə çıxış edən, avrokuboklara vəsiqə qazanan bir klubu bu vəziyyətə gətirmək qəbuledilməzdir. Əgər gedişat belə davam edərsə, azarkeşlər növbəti ev oyunlarında komandaya dəstək olmaq üçün yox, Riad Rəfiyevi istefaya dəvət etmək üçün gələcək. Bunu sosial şəbəkələrdəki, tribunadakı azarkeşlərin narazılığından hiss etmək çətin deyil.

İdmanxeber.az

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43