“Futbolçularımı təbrik edirəm. Məğlub da olsaydıq, oyunun gedişatından həzz alırdım. Bakıda da bu komandanın oyun üslubunu görmüşdük. Bizə xoş olmayan üslubu var idi. Buna baxmayaraq, zamanla oyunu ələ aldıq.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Ludoqorets” qələbəsi (7:2) barədə danışarkən deyib. O, daha sonra belə davam edib:
“Bakıdakı məğlubiyyətdən sonra da ümidsiz deyildim. Belə oyunlardan çox keçmişdik. Futbolçularıma ancaq əhsən düşür. Azarkeşlərimizi, Azərbaycanımızı təbrik edirəm. Bu cür oyunlar bizi böyüdür. Sanki bir triller idi. Həqiqətən bu, mənim, Azərbaycanın “Qarabağ”ı idi”.
Qurban Qurbanov pley-offda qarşılaşacaqları Zaqreb “Dinamo”su ilə də bağlı fikirlərini bildirib:
“İnan ki, rəqib haqda heç bir məlumatım yoxdur. Bütün fikirlərimiz bu oyunda idi. Vaxtımız olacaq, çalışacağıq rəqibi yaxından tanıyaq. Bu oyunun sevincini tez bir zamanda yaddan çıxarıb digər rəqibə qarşı hazırlaşmalıyıq. Sadəcə, zədəli futbolçularımız bizə problem yaşada bilər. İnanıram ki, futbolçularım həmin oyuna kimi hazır olacaq. Çox istərdim ki, bu kollektiv Çempionlar Liqasının qrupunda oynasın”.