29 Noyabr 2024
Ölkə futbolu

“Çalışacağıq ki, əlimizə düşən fürsətlərdən maksimum istifadə edək”

“Bizi İrlandiya klubu ilə çox ağır oyun gözləyir. Sabah keçiriləcək oyunda qalib gəlmək üçün şansımız var. Çalışacağıq ki, əlimizə düşən fürsətlərdən maksimum istifadə edək”.

İdmanxeber.az-ın məlumatına görə, bu fikri “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç UEFA Konfrans Liqasının III təsnifat mərhələsində İrlandiyanın “Sent Patriks Atletik” komandası ilə keçirəcəkləri görüşdən əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Xorvatiyalı mütəxəssis görüşə hazır olduqlarını bildirib: “İrlandiyadakı ilk qarşılaşmamızda istədiyimiz kimi oyun nümayiş etdirə bilmədik. Doğrudur, müdafiədə müəyyən çətinliklərimiz var. Bəzi oyunçularımız zədəlidir. Amma hazırlıqlarımız davam edir. Təbii ki, məqsədimiz qrupda qalmaqdır. Əgər bunu bacarsaq, “Sabah” üçün möhtəşəm tarixi uğura imza atmış olarıq”.

O, Azərbaycan çempionatında uğursuz başlanğıca da aydınlıq gətirib: “Təbii ki, bütün komandalar qalib gəlmək üçün meydana çıxır. “Şamaxı” ilə oyunda 3 xalı biz almaq istəyirdik, amma alınmadı, məğlub olduq. Premyer Liqada əsas hədəfimiz “Qarabağ”la başa-baş mübarizə aparmaqdır. Bu tempdə davam etsək, hər kollektivlə bacara bilərik”.

Qeyd edək ki, “Sabah” – “Sent Patriks Atletik” qarşılaşması “Bank Respublika Arena”sında avqustun 15-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Komandalar arasında cütün ilk oyunu İrlandiya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43