“Hamımız oyunun əhəmiyyətini yaxşı dərk edirik. Gərgin qarşılaşma olacaq. Hər iki komanda üstünlük əldə edib, mərhələni keçməyə çalışacaq. İki komandanın da yetərincə usta, ambisiyalı futbolçuları var ki, nəticə üçün çalışacaqlar. Necə olacaq, onu zaman göstərəcək. Məni məyus edən tərəf meydançanın yaxşı durumda olmamasıdır. Bunu əvvəlki oyunlarda da öz üzərimizdə hiss etmişdik. Mətbuat konfransından əvvəl meydançaya baxdım. Bir az da pisləşib. Hər iki komandanın futbolçuları üçün texnikalı oyuna mane ola bilər. Şərtlər iki komanda üçün də eynidir. Hər şeyi edəcəyik ki, nəticə bizim üçün yaxşı olsun”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Osiyek” oyunu öncəsi keçirilən mətbuat konfransında deyib. O, daha sonra jurbalistlərin suallarını cavablandırıb:
– “Qarabağ”ın oyununa kollektiv şəkildə baxdız? Bu möhtəşəm qələbə “Zirə”yə necə təsir edəcək?
– Əgər toplanışdayıqsa, hamımız birlikdə baxırıq. Deyilsə, hərə sərbəstdir. Dünən bizdə istirahət günü idi. Motivasiya o ola bilər ki, Azərbaycan çempionu Bolqarıstan çempionu “Ludoqorets” kimi güclü rəqib üzərində möhtəşəm qələbə qazanırsa, bizim oyunçulara da motivasiya verə bilər. Çempionatımızın klubu bu cür rəqibi üstələyir. Xırda detallar da əlavə motivasiya ola bilər.
– Çempionatda və avrokuboklarda yaxşı irəliləyirsiz. Bu mövsüm qarşısınıza hansı hədəfi qoymusuz?
– Mövsüm hələ yeni başlayıb. Hədəflərdən danışmaq erkəndir. Klub olaraq qarşımıza ən azından bir mərəhələ keçmək hədəfi qoymuşduq. Amma hazırda o haqda düşünmürük. Çalışırıq ki, qarşıdakı oyunu düşünək. Başa düşürük ki, sabahkı oyun bizim üçün çox önəmlidir. Klub rəhbərliyi, futbolçular və məşqçilər üçün də önəmlidir. Qarşımızda çox təcrübəli komanda var. “Dinamo”ya qarşı da yaxşı oyun keçirdilər. Son anda qol buraxıb, məğlub oldular. Çempionatda da klub rəhbərliyi qarşımıza xüsusi tapşırıq qoymur. Həmişə tələb edir ki, komanda inkişaf etsin, əzmkar kollektiv olsun. Bu gün də qarşımızda xüsusi məqsəd yoxdur. Amma yeni sezonda da avrokuboklarda çıxış etmək istəyirik. Uğurlu başlamışıq. Amma klubların iddiasını görürük. Çempionluğa əsas namizəd “Qarabağ”dır. “Neftçi” və “Sabah” da onlara rəqibdir. 5-6 komanda dördlük uğrunda amansız mübarizə aparacaq. Bunu ilk turdan da hiss etmək olur. “Sabah” da iddiasını ortaya qoyub. “Turan Tovuz” da yaxşı oynayır. Məncə, keçənilki liqanın davamı olacaq. Proqnoz vermək çətin olacaq. Kimsə ikinci də ola bilər, 6-cı da.
– Mərhələ keçsəz, transfer olacaq?
– Hazırda bu haqda danışmaq istəmirəm. Aktual məsələ sabahkı oyundur. Nə oyunçulara baxırıq, nə başqa nəyəsə.
– “Şerif”i məğlub etdiz, amma mərhələ keçə bilmədiz. İndi də münasib nəticə var. Daxildə narahatlıq yoxdur ki, arxayınlaşma ola bilər?
– “Şerif”lə və “DAK 1904” klubları ilə ilk oyunlardan sonra narahatlıq var idi. Amma indi yoxdur. Səfər qolu qüvvədə olsaydı, indi də olardı. Lakin səfər qolunun üstünlüyü yoxdur. “Osiyek”lə görüşdə də çox diqqətli olmalıyıq. Onlar bizim səhvimizdən istifadə edə bilər, biz də onların. Bu dəfə narahat deyiləm. Hiss edirəm ki, futbolçular da bilir ki, bizi necə oyun gözləyir.
– “Osiyek”ə qarşı ağır oyun oynadız, daha sonra “Sabah”la çətin matç keçirdiz. İki ağır oyundan sonra futbolçuların hazırkı durumu sizi qane edə bilib?
– “Sabah”la oyundan sonra yüngül bərpa məşq oldu. Dünən də istirahət etdik. Futbolçulara yaxşı istirahət lazım idi ki, oyun günü gümrah olsunlar. Bir gün vaxtımız var. Hazırıq. Bu gün dəqiq biləcəm ki, hansı durumdadırlar. İnanıram ki, sabah ən yaxşı vəziyyətdə olacaqlar.
– İlk oyundan sonra rəqibi yenidən analiz etmisiz?
– Üzbəüz qarşılaşanda fərqli detallar gördük. 4-5 oyunu analiz edəndə onları görə bilməmişdik. Üzərində işləmişik. Çalışacağıq ki, sabah həyata keçirək. Necə olacağını görəcəyik.