“Çox gərgin oyun oldu. Gözlədiyimizdən də gərgin keçdi. Bu mərhələdə elə-belə rəqiblər, oyunlar olmur. Şükürlər olsun. Məni sevindirən odur ki, oyunçular gərginliyə dözdülər. Onları təbrik edirəm, onlarla fəxr edirəm. Öpüb-bağrıma basıram. Futbol camiəmizi təbrik edirəm”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Osiyek” görüşü sonrası deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
– Penaltilər seriyasından öncə Tyaqo Silva ilə danışdız. Ona nə dediz?
– Onu tənqid etdim. “Şerif”lə oyundan sonra ona heç nə deməmişdim. Ehtiyac olmasaydı, deməyəcəkdim. Tənqid elədim ki, aqressivləşsin. Böyük ustalıq göstərdi. Dedim “Şerif”lə oyundakı penaltilərdən narazı qalmışam, özünü göstərməlisən. O da 5 penaltidən 4-nü çıxardı. Asan məsələ deyildi. Bunun öhdəsindən gəldi.
– Çempionatın növbəti turunun oyununu təxirə salmaq planda var?
– 90 dəqiqə oynasaydıq, qəti şəkildə təxirə salmayacaqdıq. 120 dəqiqə olub, həkimlərlə, məşqçi heyəti ilə toplantı keçirib, qərar verəcəyik.
– Rəqib baş məşqçi demişdi ki, “Zirə” bizə bir qol vura bilməz…
– Əslində, çox bəyənirdim onu. Meydanın kənarındakı rəftarı, taktiası, oyununu həmçinin. Bakıdakı açıqlamasında da bildirdi ki, fikri başqa cür anlaşılıb. Bu da normaldır.
– Əlavə dəqiqələrdə futbolçulara nə dediz?
– Heç nəyi dəyişmək istəmirdim. Hücumameyilli oyunçularımız çox idi. İntizamlı olub, mütləq şəkildə qol vurmalıydıq. Rəqibin qapıçısı penaltilərdə çox yaxşı çıxış edirdi. Müdafiəçiləri də yaxşı həmlələr edirdilər.
– Pley-off da “Omoniya” ilə qarşılaşacaqsız. Yəqin ki, tarixi fürsəti əldən vermək istəməzdiz..
– Hamı istəyər qrupa düşsün. Rəqibimiz “Omoniya”dır. Onnlar haqda heç bir məlumatım yoxdur. “Fehervar”la oyunlarda daha üstün olublar. “Fehervar” da bizə tanış rəqibdir. Onları udublarsa, bu, “Omoniya”nın gücünü göstərir. Seçim olsaydı, digəri ilə düşmək istərdim. Onlar avrokuboklarda təcrübəlidir. Hələ ki, bu haqda danışmaq tezdir. Çempionat oyunu olmasa, sabahdan “Omoniya” haqda düşünəcəyik. Ən yaxşısını edəcəyik ki, qruplara düşək.
– Hakim doğru qərarlar verirdi?
– Oyunu yaxşı idarə edirdi. Sadəcə ikinci qolda cərimə zərbəsi var idi ya yox bilmədim. İnamlı şəkildə sarı vərəqə də verdi. Sanki cərimə zərbəsi yox idi. Ümumilikdə qərarları doğru idi.
– Futbolçular sanki penaltiləri vurmaqda çətinlik çəkirdi. Sizcə, bunun üzərində işləmək lazım idi?
– Futbolçularımızın çoxu ilk dəfədir ki, üçüncü mərhələdə oynayır. Penaltiləri vurmaq mental hazırlıqla bağlıdır. Üç yerli futbolçumuz vurmadı, amma ən azından təcrübə qazandılar. Hər iki qapıçı usta şəkildə çıxış etdi. Həm də yorğunluq var idi. Bir az biz xarakter göstərdik.Sanki istəmirdik oyun penaltilərə getsin. Hamımızda travma var idi ki, penaltilərdə uduzmuşuq və Azərbaycan klubları uduzur penaltilərdə. Onların da qapıçısı yaxşı çıxış etdi, bizimki də. Bu üç mərhələdə yaşadıqlarımız komanda üçün böyük təcrübə oldu.