25 Noyabr 2024
Ölkə futbolu

“Omoniya”nın azarkeşləri qələbədə böyük pay sahibidir” – Rəşad Sadıqov

“Oyunu şərh etmək çətindir. Futbolda belə oyunlar olur. Rəqibdə hər şey alınır, səndə heç nə alınmır. Matçın startından bu ssenari getdi. Rəqib cərimə zərbəsini dəqiq yerinə yetirdi. Sonra gözlənilməz penalti, ilk hissənin son dəqiqələrində buraxdığımız qol… Artıq bundan sonra oyunu dəyişmək çətin idi. 6 qoldan 4-ü standart vəziyyətlərdən vurulub. Yenə deyirəm bu gün rəqibdə hər şey alınırdı, bizdə heç nə alınmırdı”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Omoniya” məğlubiyyəti (0:6) barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Bu gün “Omoniya”nın azarkeşləri qələbədə böyük pay sahibidir. Bu, bizim üzərimizdə müəyyən basqı yaradırdı. Əslində ilk dəqiqələrdə bunun öhdəsindən gəlirdik. Bundan sonra gözlənilən o idi ki, oyun bərabərləşəcək. Cərimə zərbəsindən sonra rəqib daha inamlı oynamağa başladı. Azarkeşlər daha çox dəstək olmağa başladılar. Basqının qarşısında bugünkü oyunla dayana bilməzdik. Əvvəlki matçlarda bu cür azarkeş dəstəyinə qarşı oynamamışdıq. Səviyyə olaraq “Omoniya”nı “Osiyek”lə eyni tutardım. Bəlkə “Omoniya” hücumda daha sürətli idi. Bu gün hər şey rəqib üçün uğurlu oldu. Bizim üçün isə tam əksi. Belə olan halda bu cür acınacaqlı məğlubiyyətlər qaçılmaz olur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43