25 Noyabr 2024
Ölkə futbolu

“Kurban Berdiyevin gəlişindən sonra daha kompakt oynamağa başladıq” – “Turan Tovuz”un legioneri

“Oyuna yaxşı başladıq. İki qol vurandan sonra rəqibə müəyyən imkanlar verirdik. Bu bizə problem yarada bilərdi. İkinci hissə isə vəziyyət müəyyən qədər dəyişdi. Topa sahib olmağa başladıq. Oyun bizim nəzarətimizdə keçdi. Qələbə qazansaq da, asan oyun deyildi”.

Bu sözləri İdmanxeber.az saytına “Turan Tovuz”un legioneri Alexandro Serrano Premyer Liqanın ötən turu çərçivəsində keçirilən “Kəpəz” qələbəsi (3:0) barədə danışarkən deyib. O, daha sonra komandanın cari mövsüm avrokuboklar hədəfləri barədə söz açıb:

“Hədəfimizin böyüməsi bizdə heç bir təzyiq yaratmır. Əksinə, komandaya motivasiya verir. Bütün klublar avrokuboklar üçün mübarizə apara bilər. Oyunlar həmişə çətin keçir. Biz geridə qalan üç görüşdə yaxşı nəticə qazanmışıq. Amma bu, hələ başlanğıcdı. Qarşıda görüləsi çox işlər var”.

İspaniyalı futbolçu Ayxan Abbasovun ardından komandanın başına Kurban Berdiyevin gəlişini də şərh edib:

“Hər məqçinin öz oyun tərzi var. Bəli, Kurban müəllim çox təcrübəli mütəxəssisdir. Onun gəlişindən sonra biz daha kompakt oynamağa başladıq. Artıq meydanda sıx oynayırıq, ötürmələrimizə fikir veririk, daha diqqətli çıxış edirik. Topu daha çox özümüzdə saxlamağa çalışırıq. Hələlik hər şey yaxşı gedir. Görək gələcəkdə necə olacaq. Əsas mövsümü harada bitirəcəyimizdir”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43