21 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ”ı gözləyən milyonlar: ÇL, yoxsa AL?

UEFA yenilənmiş formatda keçirəcəyi Çempionlar Liqasının maliyyə gəlirlərində dəyişiklik edib.

İdmanxeber.az-ın məlumatına görə, turnirin qrup mərhələsinə qatılmaq əvvəllər 15,64 milyon idisə, indi artıq bu məbləğ 18,62 milyon avroya yüksəlib. UEFA ÇL-də iştirak üçün mükafatı artırsa da, buradakı oyunlarda qazanılan qələbə və heç-heçəyə görə təyin edilən pulu azaldıb.

Belə ki, komandalar daha öncə qrup mərhələsində 6 oyun keçirir və hər qalibiyyətə 2,8 milyon, heç-heçəyə görə isə 930 min avro pul alırdı. Yenilənmiş formatda oyun sayı 6-dan 8-ə çıxdığı üçün qurum hər qalibiyyətə 2,1 milyon, bərabərliyə isə 700 min avro ödəyəcək.

Beləliklə, turnirdəki yeganə təmsilçimiz “Qarabağ” Xorvatiyanın “Dinamo” klubunu keçsə, büdcəsini 18,62 milyon avro zənginləşdirəcək. Əgər təmsilçimiz Zaqreb klubu ilə bacarmasa, yoluna Avropa Liqası qrup mərhələsində davam edəcək.

Çempionlar Liqası ilə Avropa Liqası arasında isə maddi gəlir olaraq böyük fərq var. Belə ki, ÇL-də qrup mərhələsinə qatılım 18,62 milyondursa, AL üçün bu rəqəm 4,31 milyon avrodur. Ağdam təmsilçisi qitənin klublararası ikinci turnirinə vəsiqəni təmin etdiyi üçün bu məbləği UEFA-dan alacaq.

Avropa Liqasında hər qələbəyə 450, heç-heçəyə görə isə 150 min avro mükafat təyin edilib.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43