22 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ” “Qalatasaray” və “Fənərbağça”ya yaxşı nümunədir” – Əfran İsmayılov

“Qarabağ”ın turu keçməsi üçün bütün futbolçular yaxşı oyun göstərməlidir. Mərhələni keçməyə ümid var. Çünki səfərdəki görüş bunu göstərib. 3-1, 4:1 qalib gələ biləcəyimiz oyunda 0:3 hesabı ilə məğlub olduq. Qarşıda çox təcrübəli və keyfiyyətli oyunçuları olan bir komanda var. Amma yenə də turu keçə bilərik. Julio Romao oynaya biləcək, Veşoviçdən də yaxşı xəbərlər gəlir. Əgər səfərdəki epizodları burada da yaxalaya bilsək, ilk 15 dəqiqədə hesabı açsaq və ən əsası bəxt bizimlə olsa, növbəti mərhələyə keçə bilərik”.

Bu sözləri İdmanxeber.az saytına Azərbaycan millisinin sabiq üzvü Əfran İsmayılov UEFA Çempionlar Liqası pley-off mərhələsi cavab oyunu çərçivəsində keçiriləcək “Qarabağ” – “Dinamo” görüşü barədə danışarkən deyib. O, Ağdam təmsilçisinin polşalı qapıçısı barədə də fikir bildirib:

“Yeni qapıçı Mateuş Koxalskini “Turan Tovuz”la oyunda gördük. Belə pis təsir bağışlamadı, Buntiçdən daha üstün olduğu hiss olunur. Ancaq əsas avrokubok matçlarıdır. Burada daha açıq görə biləcəyik. Nəyə qadir olduğu daha dəqiq bilinəcək. Məsələn, Buntiç istədiyimiz kimi olmadı. Sanki həyəcanlı idi. Amma polşalı üçün əsas sınaq bu gün olacaq”.

“Qarabağ”ın sabiq üzvü Çempionlar Liqasında qruplara düşə bilməməyin uğursuzluq olduğuna inanmır:

“Çempionlar Liqasında mübarizə aparmaq çox çətindir. Türkiyə klublarını da görürsünüz. Onların bu duruma düşməsi də üzücüdür. Dünən “Qalatasaray”ın oyununa baxdım. Bir-iki epizod belə yarada bilmədilər. Rəqibi çox yaxşı müdafiə olunurdu. O boyda büdcə ilə heç nə edə bilmirlər. Amma “Qarabağ” bu imkanla, tanınmayan futbolçularla ancaq irəli gedir. “Qarabağ” “Qalatasaray” və “Fənərbağça”ya yaxşı nümunədir. Çox pul hər şeyi həll etmir. İş sistemi, rəhbərlik, məşqçi, keyfiyyət və s kimi məsələlər çox önəmlidir. Belə şeylər “Qarabağ”da daha yaxşıdır. Klubumuz qruplara qala bilməsə də, uğursuzluqdan söhbət belə gedə bilməz. Çünki komanda Azərbaycan sərhədlərini çoxdan aşıb. Elə bir ab-hava yaradıb ki, hamı “Qarabağ”dan ən yaxşı nəticəni gözləyir. Elə bilirik ki, “Qarabağ” bütün komandaları keçməlidir. Ancaq qarşıdakı rəqibləri də nəzərə almalıyıq. Hamısı səviyyəli, tanınmış klublardır. Hətta elə olub ki, “Qarabağ” həmişə adlı-sanlı komandalarla başa-baş oyun göstərib.

Çempionlar Liqasının qruplarına düşə bilməmək uğursuzluq deyil. Çünki komanda Avropa Liqası qruplarında çıxış edəcək. Orada da irəliyə doğru gedə bilərik. Amma təbii ki, ÇL tamam ayrıdır. Bir dəfə mənim vaxtımda oynamışıq. Yenə həmin ab-havanı yaşamaq gözəl olar. Düşməsə belə “Qarabağ” yetərli qədər işlər görüb. İndən sonra inanmıram ki, Azərbaycanda kimsə bu tarixi nəticələri təkrarlasın”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43