Azərbaycan I Liqa klubu “Mingəçevir”də baş məşqçi Ədahim Niftəliyevlə bağlı qalmaqal yaşandığı xəbərini vermişdik
İdmanxeber.az-a verilən məlumata görə, buna səbəb baş məşqçinin yerli oyunçular olan Elvin Əlizadə, Toğrul Məhəmmədbəyli, Nihad Xəlili və Elçin Abdullayevin heyətdən uzaqlaşdırması olub. Futbolçular və azarkeşlər çalışdırıcının bu qərarına kəskin narazılıq edib. Tərəflər arasında söz davası yaşanıb.
Məsələnin nə yerdə olduğunu öyrənmək üçün əvvəlcə komandanın baş məşqçisi Niftəliyevlə əlaqə saxlamaq istəsək də, qarşı tərəfdən cavab ala bilmədik. Bu səbəbdən də hadisədə adı keçən ki futbolçu – Elvin Əlizadə və Toğrul Məhəmmədbəyli ilə əlaqə saxladıq. Oyunçular yaşananlarla bağlı bunları dedi:
Elvin Əlizadə: “Bu mövsüm hazırlıqlara başlayanda bizimlə şifahi söhbət olmuşdu ki, komandada qalacağıq. İndi çempionatın start götürməsinə 1-2 gün qalmış deyirlər ki, bizə lazım deyilsiniz. Mən də baş məşqçi ilə görüşdüm. Dava olmasa da, sözümü dedim, etiraz elədim. Belə şey olmaz axı. Çempionatın başlamasına çox az qalıb. İndən sonra hansı komanda ilə danışıq aparaq? Mövsümün startına 1-2 gün qalmış heç yerdə futbolçu göndərmirlər. Ona görə də qərarla razılaşmadıq. Dedilər ki, baş məşqçi belə qərar verib. Biz də etiraz etdik. Ancaq hər hansı dava olmayıb. Mən bu komandanın qurucularından biriyəm, illərdir kapitanam. 2017-ci ildən “Mingəçevir”də oynayıram. Bu klubun I Liqaya yüksəlməsində pay sahibi olmuşam. Belə bir qərarı qəbul edə bilmirəm”.
Toğrul Məhəmmədbəyli: “Bizi heç bir səbəb olmadan komandadan uzaqlaşdırdı. Heç nə başa düşmədik. Bir ay öncə komanda toplananda Niftəliyə məni klubda saxlayıb-saxlamayacağını soruşdum. Dedim ki, əgər müqavilə bağlayacağıqsa, vaxtında edək. Çünki başqa yerlərdən təkliflər var idi. Dedilər ki, narahat olmayın, “Mingəçevir”də qalacaqsınız. Amma indi baş məşqçi gəlib “sizə istəmirəm, yaxşı yolunuz olsun” deyir. Bu nə dərəcədə düzgündür? Biz də sözümüzü dedik, səbəbini soruşduq. Aramızda söz-söhbət olub. İndi də qalmışıq belə, bilmirik nə edək”.
Həsən Quluzadə