08 Oktyabr 2024
Dünya futbolu

İtaliya klubunun oyunçusu rəqibini Ceki Çana bənzətdiyi üçün sərt cəza aldı

FİFA “Komo”nun müdafiəçisi Marko Kurtonu “Vulverhempton” klubunun cənubi koreyalı hücumçusu Hvanq Hi Çxana irqçi davranışı səbəbindən on oyunluq diskvalifikasiya edib.

İdmanxeber.az-ın məlumatına görə, sınaq müddəti kimi bu cəzanın yarısı iki il müddətinə şərti olaraq verilib. Futbolçu həmçinin FİFA tərəfindən seçilmiş kursları keçməli və ictimai faydalı fəaliyyətlə məşğul olmalı olacaq.

Hadisə iyulun 15-də klublar arasında keçirilən yoldaşlıq oyunu zamanı baş verib. İtaliya klubunun oyunçusu Hvanq Hi Çxanı çinli aktyor Ceki Çana bənzədib. Bu, İngiltərə klubunun futbolçularının qəzəbli reaksiyasına səbəb olub.

“Vulverhempton”un yarımmüdafiəçisi Daniel Podens münaqişə zamanı Kurtonu vurub və ona görə meydandan qovulub. Hadisədən sonra Koreya Futbol Assosiasiyası (KFA) FİFA-ya şikayət göndərib. 28 yaşlı Hvanq Hi Çxan 2021-ci ildən “Vulverhempton”da çıxış edir. O, İngiltərə klubunda 102 matçda 22 qol vurub və 7 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43