“Real” klubu “Barselona”nın və İspaniya millisinin sabiq futbolçusu Andres İnyestanın karyerasını başa vurması ilə bağlı açıqlama yayıb.
İdmanxeber.az-ın məlumatına görə, 40 yaşlı yarımmüdafiəçi oktyabrın 7-də idmandan getdiyini açıqlayıb. Onun son klubu BƏƏ-dən olan “Emirates” olub.
“Kral klubu”nun açıqlamasında “İniestanın peşəkar oyunçu kimi futboldan getdiyini elan etməsini nəzərə alaraq, klubun prezidenti və idarə heyəti İspaniya və dünya futbolunun ən böyük əfsanələrindən birinə olan hörmət, heyranlıq və sevgilərini nümayiş etdirir”.
İnyesta karyerası ərzində 674 oyun keçirib, 57 qol vurub və 135 məhsuldar ötürmə edib. İspaniya millisinin tərkibində 131 matçda meydana çıxıb və 13 qol vuraraq dünya çempionu (2010) və 2 qat Avropa çempionu (2008, 2012) olub.