Millətlər Liqasının 4-cü tuunda Slovakiya ilə oyunda qırmızı vərəqə alaraq meydandan qovulan Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli sosial şəbəkə hesabında paylaşım edib.
İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı hücumçu tənqid olunmasına münasibət bildirib:
“Hörmətli azarkeşlər!
Öncə dəstəyinizə görə təşəkkür edirəm! Har biriniz içimdə olan Vətən sevgisini, Bayraq sevgisini yəqin ki, bilirsiniz. Uşaq yaşlarımdan milli komandanın müxəlif yaş qruplarında oynamışam və uzun müddətdir ki, milli komandanın üzvüyəm. Bəzən içimdəki qalib olmaq istəyi həddindən artıq çox olur. Bu istəyi oyunumda hər zaman göstərmək istəmişəm! Bəzən alınır, bəzən isə yox. Futbol saniyə oyunudur. Elə olur ki, qol vurmaqdan çox bəzən qolun qarşısını da almaq lazım olur va nəticə vərəqə ilə sonlanır.
Durum nə qədər əleyhimə görünsə də, inanıram ki, futbol azarkeşləri məni başa düşür. Təbii ki, tənqid qaçılmazdır və mən sağlam tənqidə hər zaman açığam! Bir də bilirəm ki, uman yerdən küsərlər. Ona görə məndən istəyiniz və təzyiqiniz çoxdur! Bu, məni qorxutmur, əksinə sevindirir. Daha yaxşı olmağa, daha çox məşq etməyə va daha çox inkişaf etməyə məni sövq edir!
Ümid edirəm, gələcək oyunlarımda qollarım ilə sizi sevindirəcəyəm! Bildirmək də istəyirəm ki, tənqidiniz də, sevginiz də, dəstəyiniz də mənim üçün çox dəyərlidir!”