21 Oktyabr 2024
Ölkə futbolu

“Təhqir yox, sağlam tənqid olsa, futbolçu da öz üzərində işləyər” – “Qarabağ”ın futbolçusu

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev İdmanxeber.az saytına müsahibə verib.

O, komandanın qarşıdakı “Ayaks” oyunundan və gələcək karyerasından danışıb.

– “Kəpəz”lə matçda oynamasan da, görüşdən əvvəl gəncəli azarkeşlərlə aranda gərginlik yaşandı. Nə baş vermişdi?

Heç bir problem yoxdu. Bir nəfər idi, tribunadan qışqırdı. Nəsə başqa söz eşitdim. Ciddi bir şey deyildi. Fasilədə gedib hamısı ilə görüşdüm, şəkil çəkdirdim. Təhqir, söyüş olmamışdı. Sadəcə ayrı bir söz eşitmişdim, ona görə belə reaksiya verdim. Ciddi bir problem deyil.

– Millinin oyunlarından sonra adın daha çox ön plana çıxıb. Səni hazırda ölkənin bir nömrəli yerli futbolçusu adlandıranlar var. Bu fikirlər sənə necə təsir edir?

Xoş sözlər duymaq hər zaman yaxşıdır. Əlimdən gələn qədər yaxşı oynamağa, mübarizə aparmağa çalışıram. Təəssüf ki, millidəki nəticələr istədiyimiz kimi deyildi. Komandanın qələbə qazanmağı hər şeydən üstündü. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Ancaq əsas olan nəticə qazanmaqdı.

– Son vaxtlar adın transfer xəbərlərində hallanır. Səni yaxın vaxtlarda Avropa klublarında görə bilərik?

Gələcəkdə belə bir fikrim var. Ancaq indi hansısa təkliflə bağlı danışa bilmirəm. Çünki bu işə menecerim baxır. Bu barədə onunla heç bir görüşümüz olmayıb. Gələcəkdə hər şey ola bilər. İndi bütün fikrim “Qarabağ”dadı.

– Bu yaxınlarda İtaliya A Seriyasından sənə maraq olduğu iddia edilmişdi…

Hər iki tərəfi qane edəcək təklif olsa, dəyərləndirmək olar. Bu səviyyədən təklif gələrsə, oturub danışa bilərik.

– Qarşıda “Ayaks” oyunu var. Bu mövsüm avrokuboklara istədiyimiz kimi başlaya bilmədik. Bu matça komanda necə köklənib? Təzyiq varmı?

Millidən yeni gəlmişik. Hələlik “Ayaks” oyunu üçün geniş təhlil aparmamışıq. Buna vaxt olmayıb. Bu gündən rəqibi təhlil etməyə başlayacağıq. “Ayaks” ciddi rəqibdi. Azarkeşlərimiz önündə qələbə qazanmaq istəyirik. Avrokuboklara uğursuz başlamışıq. “Ayaks” matçında bunu aradan qaldırmalıyıq.

– “Tottenhem” və “Malmö” oyunlarda komanda pis təsir bağışlamasa da, məğlub olduq. Səncə iki nəticəni də şansızlığa bağlamaq nə dərəcə doğru olar?

Epizodları qaçırmağımız xal qazana bilməməyimizə ən böyük səbəbdi. Sən dəyərləndirə bilmirsən, rəqib bacarır. “Tottenhem”in oyunçuları, səviyyəsi göz önündədir. Premyer Liqa klubudu. Sən qaçıranda mütləq cəzalandırırlar. “Malmö” ilə oyunda da şanslarımız oldu. Amma heç nədən qollar buraxdıq.

– Səncə, epizodları qaçırmağımız şansızlıqdır, yoxsa səviyyəsi məsələsidir?

Məncə, şansızlıqdır. 

– “Tottenhem” və “Malmö” oyunlarından sonra komanda çox tənqid olundu…

“Tottenhem” oyunundan sonra tənqid olunmağımıza səbəb özümüz idik. O qədər epizod yaratmasaydıq, bəlkə də kimsə nəsə deməzdi. Hamı fikirləşərdi ki, rəqib güclü idi deyə, uduzduq. Amma şanslar yaratdıq, epizodları qaçırdıq deyə, tənqid olunduq. Bu da normaldı.

– Ümumiyyətlə, “Qarabağ”ın uğursuz avrokubok oyunlarından sonra sanki yerli futbolçular daha çox hədəfə alınır. Azarkeşlər elə bil öz oyunçularımıza qarşı daha aqressivdirlər. Hiss edirsiniz bunu?

Açığı, belə bir şey hiss etməmişəm. Yaxşı olanda yaxşı deyilir, nəticə olmayanda da tənqid olunur. Nəticə yoxdursa, buna normal yanaşmaq, Tənqdilərə də açıq olmalıyıq. Təhqir yox, sağlam tənqid olsa, futbolçu da öz üzərində işləyər. 

– Səncə, “Qarabağ”ın avrokuboklarda növbəti mərhələ üçün şansı var?

Bəli, var. Qarşıda hələ oyun çoxdu. Maksimum nəticə qazanmağa çalışacağıq. Hələ heç nə bitməyib.

Həsən Quluzadə

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43