“Hamı üçün maraqlı oyun oldu. Sadəcə sonda bəzi nüanslar çatmadı. Düşünürəm ki, uşaqlar bu gün yaxşı oynadılar. Mənim üçün bəzi sürprizlər də oldu, bəzi yaxşı cəhətlər də var idi. Futbolçularıma təşəkkür edirəm. Yerdə qalan məsələləri də yəqin, özünüz görüb, dəyərləndirib, qiymət verəcəksiz. Media aləmi olaraq deyirəm”.
İdmanxeber.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 11-ci turunun “Turan Tovuz”la oyundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.
– Bir xalın son anda əldən çıxmasını nə ilə əlaqələndirirsiz?
– Son iki dəqiqədə olmayan cərimələr verildi. Epizoda təkrar baxın, Rauf Hüseynli meydanın mərkəzində sürüşmə fəndi edəndə, cərimə var idisə, daha heç nə demirəm. Olmayan cərimələri qapımız tərəfə verilirsə, belə də olacaq da. Ondan da çətin duruma düşəcəyik. Hakimlərin adilliyinə inanmıram.
– Komandanın psixoloji durumu necə olacaq?
– Komandanın psixoloji problemi yoxdur. Bu məğlubiyyət heç bir təsir də göstərə bilməz. Uşaqlar da gördülər ki, futbol necə olur. Futbol oynadılar. Hər iki hissədə maraqlı mübarizə apardılar. Hissəyə bölsək, uşaqlar daha üstün oynadılar. Yerdə qalan məsələləri deyə bilmərəm. “Qarabağ”la oyunda da qapımızda olan və ya olmayan epizodlar…Buradan hakimlərə təşəkkür etmək istəyirəm. Amma bir şeyi də əlavə edim ki, ən böyük hakim Allahdır. Hər şeyin vaxtı var.
– Hakimlərin qərarları ədaləti pozur? Komandalarımız avrokuboklara çıxanda fərqli mənzərələr ortaya çıxır…
– Sadəcə mediada o barədə çox danışmaq istəmirlər. Biz məşqçilərin işlərini çox kölgəyə salan da onlardır. Bugünkü matçın 40-cı dəqiqəsində epizod var, Avropa Liqası oyunu olsaydı, hakimlər penalti verərdi. Bizim hakimlər isə sağolsunlar. Mənim üçün adil olan hakim Allahdır. Hər şeyin vaxtı var. Allah hər şeyi görür və hər şeyi gec-tez qiymətləndirəcək.
– Bu cür qərəzli qərarlar davam edərsə, necə olacaq?
– Bu gün nəyisə deyim, etiraf edim…Hər oyunun vaxtı var. Hakimlər bu cür axıra qədər davam edəcəklər. Öz işlərində olsunlar. Görək axırı necə olacaq. Mən onların insafına buraxıram. “Qarabağ”la görüşdə epizodumuz penalti deyildi? 90 faiz adam deyir ki, penalti var idi. Paçu Liranın ayağını tapdaladılar. Avrokuboklarda arxadan azca zərbə vurdular, penaltini göstərdilər. Heç kim də müzakirə etmədi. Bizim liqada isə futbolçunun ayağını tapdalayırlar…Bu gün 40-cı dəqiqədə epizod var…Ona baxın. Keçən dəfə hakim meydançada nədən danışırdı? Deyir ki, onun niyyəti onu vurmaq deyildi. Ay qardaş, sən onun niyyətini hardan bilirsən? Mən gözümü yumuaraq, kimisə vurum. Sonra deyim ki, niyyətim o deyildi? Bu nə qədər doğrudur? İki dəqiqə meydançada futbol oynamısan ki, onun niyyətindən danışasan? Meydançada 5 dəqiqə futbol oynasan, bilərdin ki, futbolçunun niyyəti var idi, ya yox. Ona görə birinci hakimlər beş dəqiqə futbol oynamalıdır, sonra bilməlidir ki, niyyəti düz idi, ya yox. Futbolçu digərini vurur. Hakim deyir ki, onun niyyəti vurmaq deyildi. Niyyətin haradan bilə-bilərsən? Gülüncdür də.