26 Oktyabr 2024
Ölkə futbolu

Tahir Gözel: “Bugünkü “Qarabağ” həmişəkindən daha güclüdür”

“Qarabağ” klubunun prezidenti Tahir Gözel komandamızın çıxışını dəyərləndirib.

İdmanxeber.az-ın məlumatına görə, o, UEFA Avropa Liqasının Liqa mərhələsi və daxili arenadakı mübarizə barədə saytımıza açıqlama verib:

“Komandamız avrokubok mövsümünün təsnifat mərhələlərini adlayaraq, ardıcıl 11-ci dəfə əsas mərhələyə vəsiqə qazandı. İlk dəfə yeni formatda keçirilən Avropa Liqasının Liqa mərhələsinə yüksəldik. Bu mərhələdə çox ciddi, Avropada özündən söz etdirən komandalarla qarşılaşırıq. Onlardan biri “Ayaks”dır ki, Niderland təmsilçisi Azərbaycana gələn ən titullu klub oldu. Onlara qarşı keçirdiyimiz son avrokubok oyununda komandamızın qarşılaşdığı çətinliklər göz önündədir. Qırmızı vərəqələr oldu. “Ayaks” kimi adlı-sanlı rəqiblə 9 futbolçu ilə mübarizə apardıq. Əlbəttə, “Qarabağ”ın UEFA Avropa Liqasının cari mövsümündə daha çox qələbə qazanmasını istərdik. Lakin mövsümün startındakı qələbələri də unutmaq olmaz. Bolqarıstanda “Lüdoqorets” üzərindəki 7:2 hesablı parlaq qələbə möhtəşəm oyunla əldə olundu”.

Tahir Gözel komandaya inamını bildirib: “Klub prezidenti kimi komandamın cəsarəti, ləyaqətindən, oyunundan, baş məşqçimiz Qurban Qurbanovdan tam razıyam. Komandamı hazırda pik formada görürəm. Liqa mərhələsində yalnız 3 oyun keçirmişik. Qarşıda 5 görüş var. Komandamızın həm avrokuboklarda, həm Premyer Liqa və kubokda hədəfləri böyükdür. Bunun öhdəsindən gələcəyimizə inanıram”.

Klub prezidenti bildirib ki, özünəinam nəticələrdən daha önəmlidir: “Klubun möhkəmliyinin qələbələr üzərində qurulmadığını, daim qalib gəlməyimizin mümkün olmadığını da bilirik. Biz komandamıza inanırıq. Əgər insan özünə inanmırsa, qazandıqları da böyük əhəmiyyət kəsb etmir. Qaşılaşdığımız çətinliklər, qələbə qazana bilmədiyimiz matçlar xarakterimizi daha da gücləndirir, bizi ailə kimi birləşdirir və cəsarətləndirir. “Qarabağ” möhkəm klubdur, daxildəki mənəvi gücümüz tükənməzdir. Özümüzə tam inanırıq. Hər il Azərbaycan üçün avrokubok həyəcanı yaşatdığımızı və yaşadağımızı bilirik. Komandama, ölkəmə, xalqıma inamım böyükdür. Bugünkü “Qarabağ” həmişəkindən daha güclüdür”.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43