“Qarabağ” ötən mövsümü xatırladır. Boşa verilən şanslara hələ də bir əncam çəkilməyib. Epizodlar sağa-sola xərclənir.
Komandanın ümumi oyun şablonu yerindədir. Ancaq saat kimi işləmir, nasazdır. Mövsümün əvvəli, yeni transferlərin adaptasiyası və bir neçə bəhanə.
Bəli, zamana ehtiyac var. Ancaq vaxt yoxdur. “Qarabağ” yenidən Çempionlar Liqasında əsas hədəfə yaxınlaşır. Nəticə bunu göstərir, oyun isə… Hələlik bu fikri tamamlağa tələsməyək.
Düzəlməliyik. Rəqib “Şkendiya” olmasaydı, hesab xeyrimizə bitməzdi. Çünki heç bir ortabab Avropa klubu bu qədər epizod qaçıran komandanı bağışlamır. Ötən mövsüm olduğu kimi.
Açığı, Şimali Makedoniya təmsilçisini bəyənmədim. “Qarabağ”la eyni səviyyədə ola bilməz.
Yaxşı bir söz var: yavaş-yavaş tələsməliyik. Hücumçu problemini qabartmağa ehtiyac duymuruq. Çünki görünür. Həə, siz tez-tez xatırladın yadlarından çıxmasın.
Amma “Qarabağ”ın irəlidə bu qədər uğursuz olması təkcə hücumçu problemi deyil. Dərd dərindədi.
“Nəriman inkişaf edib” iddiası da özünü doğrultmur. Musanın şans almaması ondan da betər olduğunu göstərirsə, yazılası bir şey yoxdur. Hərçənd ciddi iddiası olan klubların ön xətti belə olmamalıdır.
Qısacası, bizim Musamız, Nərimanımız var, ancaq hücumçumuz yoxdur.
“Şelburn” və “Şkendiya” qələbələri həyəcan yaratmır. Amma enerjini öldürmək olmaz. Bakıda mərhələni keçib pley-offa çıxaq, sonra nə ola-ola…
Həsən Quluzadə

