18 Yanvar 2025
Ölkə futbolu

Addım-addım hədəfə

Ötən mövsüm avrokuboklardan kənar qalan “Zirə” cari futbol ilinə uğurlu start verib. Komanda yeni mövsümə iki qələbə ilə başlayaraq müsbət siqnallar verir. Sadıqovun tam istədikləri vəziyyətdə olmadıqlarını etiraf etməsi çatışmazlıqların fərqində olduğunu göstərir. “Qartallar”ın cari mövsüm avrokubok hədəfi üçün yetərli səviyyədə olmasına indidən qərar vermək olmaz. Ancaq komandanın zamanla yaxşı olacağına ümid var.

“Zirə”nin ötən mövsüm ən böyük problemi topla öz bölgəsində daha çox qalması idi. Sadıqovun klassik topa sahib olan və ötürmələrlə rəqib üzərinə gedən komanda yaratmaq cəhdi aydındı. Əlbəttə, bu üslub ona yad deyil, israrla da bundan əl çəkmir. Toplu və ya topsuz komandanın oyunun içində qalması, meydanın hər yerində mövqe baxımından doğru durması vacibdir.

Geridə qalan iki oyunda ötən mövsümlə müqayisədə tempin yüksəldiyi görünür. Bu, hələlik matçların bəlli vaxtlarında hiss olunur. Sistemin tam təkmilləşməsi üçün isə komandanın fiziki gücü daha hazır vəziyyətə gətiriməlidir. 

Nəticədən fərqli olaraq eyni oyun şəklini göstərmək istəyirsinizsə, müdafiə xəttinin irəli çıxmaq qabiliyyəti ilə yanaşı, hücum mövqeyi də rəqibi narahat edəcək pressinq gücünə sahib olmalıdır. Mərhələli şəkildə rəqib qapısına yaxınlaşmaqla bərabər eyni zamanda ötürmələrin sürətli və kəskin olması şərtdir. “Barselona”da bu sistemin banisi Pep Qvardiola necə örnək alınırsa, onu əvəzləyən Luis Enrikenin də sistemi hansı formada inkişaf etdirdiyinə nəzər yetirmək lazımdır. Pepin dönəmində komanda topla səbrlə davranırdısa, Enrike ilə üslub daha sürətlənmişdi.

“Pas”a söykənən oyun qətiyyən ləng olmamalıdır. “Zirə” cari mövsüm bundan qurtulmağa çalışır. Xətlər arasındakı əlaqə itməməli, müdafiə topu daha erkən irəli çıxarmağı bacarmalıdır. Eninə görünən oyunun iti axına keçməsi və rəqibi davamlı təzyiqdə saxlamağın yolu sistemin cəld işləməyindən keçir. Ki, Sadıqovun bu planı geridə qalan iki oyunun bəlli bölümlərində uğurla işlədi.

Hələlik tam hazır olmayan “Zirə” pis başlamayıb. Artıq komandanın özünəməxsus oyun üslubunun olması daha yaxşı sezilir və ən əsası nəticə verir. Əsas hədəf qarşıdakı dönəmdə bu çıxışı artırmaqdır.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43