30 Oktyabr 2024
Ölkə futbolu

Adil Şükürov gəncəli azarkeşlərə səsləndi, söz verdi!

“İlk iki turda qarşılaşdığımız komandalar hazırlığa bizdən çox əvvəl başlayıblar. Bundan başqa, komanda hazırlığa başlayarkən transferlər tam olaraq kollektivə qoşulmamışdı. Bir sözlə, təlim-məşq dönəmində tam heyətlə hazırlaşa bilmədik”.

Bu sözləri İdmanxeber.az-a açıqlamasında “Kəpəz”in baş məşqçisi Adil Şükürov deyib. 

Gəncə klubunun təcrübəli baş məşqçisi komandanın Premyer Liqada qalacağına şübhə etmədiyini, yalnız yuxarı pillələrdən uzaq düşə biləcəklərindən narahat olduğunu bildirib:

“Son olaraq komandaya cəlb etdiyimiz Marselinyo Keverton və Orxan Əliyev 4-5 gündür ki, bizimlədilər  Fikrimcə, komandanın tam hazır olması, oyununu formalaşdırması üçün legionerlərin tez bir zamanda yerli çempionata uyğunlaşması lazımdı. Komandanın Premyer Liqada qalacağında heç bir məsələ olmayacaq. Məni narahat eliyən əsas məsələ komandanın 7-8 ci yerlər uğrunda mübarizədən geri qalmamasıdı. Çalışmalıyıq ki, 7-8-ci yerlərdə qərarlaşaq”.

Şükürov azarkeşlərin bu məsələdə səbir göstərməsini, ötən il necə dəstək olmuşdularsa bu mövsüm də eyni cür komandanın yanında olmalarını istəyir:

“Azarkeşlərin səbirsizliyi ancaq əlavə stressdən başqa bir şey deyil. Bunun üçün də azarkeşlər gərək keçən il komandaya gəldiyimiz gündən mövsümün sonuna kimi necə ki, “Kəpəz”in yanında olmuşdularsa, yenə də elə olsunlar. Biz onların dəstəyini hər an hiss edirik.  Bundan sonra da onlar dəstəklərini heç vaxt komandadan əskik etməsinlər. Əlavə olaraq onu da qeyd edim ki, azarkeşlər komandanın durumunu nəzərə almalıdır. Digər komandalarla büdcə fərqinə fikir versinlər.  Başqa komandalar əsas heyət üzvlərinin böyük hissəsini qoruyublar. Biz isə komandanı yenidən formalaşdırırıq. Bu isə asan bir iş deyil.

Bundan başqa əvəzedici komandadan olan futbolçular əsas kollektivə cəlb olunub. Legionerlərimiz isə 24-25 yaşlı futbolçulardı. Biz əsasən gələn il üçün komanda formalaşdırmağı planlaşdırmışıq”.

Adil Şükürov sonda baş tutmayan transferlərdən söz açarkən, maliyyə məsələsinin böyük rol oynadığını bildirib:

“Menecerlərin rəhbərliyə təklif etdiyi oyunçuları daha sonra rəhbərlik məşqçi heyətinə incələnməsi üçün təqdim edir. Məşqçilər heyəti olaraq biz seçim etdikdən sonra rəhbərlik bu futbolçularla danışıqlara başlayır. İnanın ki, hər mövqe üzrə ən azı 10-15 futbolçuya baxdıq və bu oyunçular arasından üçünü ayırıb rəhbərliyə bildirdik. Artıq bu futbolçuların maliyyə məsələləri ilə klub rəhbərliyi məşğul olurdu. Burada maliyyə durumunu da nəzərə almaq lazımdır. Bəzi futbolçular oldu ki , danışıqlar uzun çəkdi və sonda maliyyə məsələsində razılıq əldə edə bilmədik, transfer baş tutmadı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43