“Nəticəyə görə narazıyam. Amma oyundan razı qaldım”.
İdmanxeber.az-ın məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu Bosniya və Herseqovinada “Jelezniçar”la 2:2 hesablı heç-heçə etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
Rumıniyalı mütəxəssis rəqibin gücünə bələd olduqlarını bildirib: “Jelezniçar”ın oyununu yaxşı təhlil etmişdik. Güclü komanda olduğunu bilirdik. Rəqib bu gün çox yaxşı müdafiə olundu”.
Mutu stadiondakı atmosferdən də söz açıb: “Abu-hava fenomenal idi. Uduzmadığımız üçün xoşbəxtəm. Ümid edirəm ki, bizim azarkeşlərimiz də cavab matçında eyni atmosferi yaradacaqlar”.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 3-də Bakıda olacaq. Bu cütün qalibi növbəti raundda “Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya) duelinin güclüsü ilə qarşılaşacaq.