“Neftçi”nin baş məşqçisi Adrian Mutu “Zenit”ə Bakıda 2:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra mətbuat konfransı keçirib.
İdmanxeber.az-ın məlumatına görə, rumıniyalı mütəxəssis görüşü belə şərh edib:
“Bu cür oyundan sonra üzülürəm. Çünki demək olar ki, hər oyuna eyni cür hazırlaşırıq. “Zenit” kimi güclü rəqibə qarşı belə oynayıb, digər matçlara isə fərqli yanaşma məni üzür.
Sevindirici hal odur ki, Mirzov formasını yavaş-yavaş bərpa edir. Mirzov, Emin Mahmudov və digər oyunçularımızın qollarına ehtiyacımız var. Ümid edirəm ki, növbəti matçlarda da belə də olacaq”.
Mütəxəssis çempionatda bu səviyyədə oyun ortaya qoya bilməmələrinin səbəbi barədə sualı belə cavablandırıb: “Yaxşı sualdır. Bu suala cavabım yoxdur”.
A.Mutu qapıçı Rza Cəfərova növbəti matçlarda şans verib-verməyəcəyi ilə bağlı deyib: “Bəlkə, sizə qələm və kağız verim, heyəti yazasınız? (gülür) Yaddan çıxarmayaq ki, Rzaya ilk dəfə şans verən mən idim. “Sabah”la oyunda onu meydana çıxaranda, hamı məni tənqid edirdi. İndi isə elə suallar verirdilər ki, niyə Rza oynamır? Hansısa verilişdə deyiblər ki, gənc oyunçulara güvənmirəm, etibar etmirəm. Onu bildirmək istəyirəm ki, Rza zədədən yeni qayıdıb. Ona görə oynada bilmirdim”.
O, daha sonra bildirib: “Neftçi” kimi böyük klubda çalışıram, ətrafımdakı dostlar mətbuatı izləyib mənə tərcümə edirlər. Dili bilmədiyim üçün yaxından izləyə bilmirəm. Amma gələcəkdə yaxından izləməyə çalışacağam. Yeni gələnlərə uyğunlaşma prosesi elə də asan deyil.Andre Şinyaşiki MLS-dən gəlib və tələblər başqadır. ABŞ-da məğlubiyyətdən sonra onların üzərində təzyiq olmurdu. Amma burada liqa fərqlidir, çətindir. Tənqidlər daha çox olur”.