Səudiyyə Ərəbistanında “Qalatasaray”la “Fənərbağça” arasında baş tutmalı olan Türkiyə Superkuboku oyunu iki tərəfin razılaşa bilməməsi səbəbindən ləğv edildi. Mövsümün əvvəlindən Azərbaycanda da oynanmalı ehtimalı olan matçın ölkəmizdə keçirilməsi alınmayıb. Bir müddət öncə TFF prezidenti Mehmet Böyükekşi “Azərbaycanda da oynaya bilərdik, amma orada pul yoxdur” açıqlaması xeyli müzakirələrə səbəb olmuşdu. Məsələ ilə bağlı AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli ilə əlaqə saxladıq. Federasiya rəsmisi İdmanxeber.az saytına bunları dedi:
“Bu ilin yay aylarında Türkiyə Futbol Federasiyasının baş katibi Superkubok oyunu ilə bağlı bizimlə əlaqə saxlamışdı. O bildirdi ki, Azərbaycanla yanaşı, Səudiyyə Ərəbistanı variantı da var. Qurum rəsmisi “oyun Azərbaycanda keçirilsə, buna necə baxarsız?” dedi. Bizim də cavabımız belə oldu ki, təbii ki, müsbət. Maliyyə məsələləri həmin söhbət əsasında müzakirə olunmayıb. Türkiyə Futbol Federasiyasının sabiq baş katibi danışıq əsasında “hələ oyuna çox var, matç yanvarda olacaq. Lazım gələrsə, yenidən sizə müraciət edəcəyik” deyə bildirdi. Türkiyə tərəfi ilə danışıqlar yalnız bundan ibarət olub. Bundan sonra bizimlə əlaqə saxlanılmayıb”.
Həsən Quluzadə