Kateqoriyasız

AFFA erməni futbolçunun təxribatı ilə bağlı müraciət edəcək

AFFA Almaniyanın “Hoffenhaym” klubunun erməni futbolçusu Sarkis Adamyanın təxribatı ilə bağlı müraciət hazırlayır.

27 yaşlı hücumçunun əməli ilə bağlı müvafiq qurumlara müraciətlər ünvanlanacaq.

Bu məsələnin AFFA-nın diqqət mərkəzində olduğu vurğulanıb. Sentyabrın 27-dən bəri erməni futbolçuların, funksionerlərin və digər rəsmi şəxslərin təxribatçı açıqlamaları, sosial şəbəkələrdə paylaşımları barədə AFFA müxtəlif təşkilatlara, UEFA-ya, FIFA-ya və aidiyyatı üzrə müxtəlif assosiasiyalara məktublar ünvanlayıb.

İndiyə kimi bununla bağlı 17 məktub yazılıb. Monteneqro, Slovakiya, Yunanıstan və İtaliya Futbol Federasiyaları bunların arasındadı. Sosial şəbəkələrdəki, matçlardakı və digər təxribatların hamısı izlənilir və müvafiq qaydada müraciət ünvanlanır.

Sarkis Adamyan Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda Çexiya “Slovan”ını 5:0 hesabı ilə məğlub etdikləri matçda dubl edib. Forvard “sport24.ru” saytına açıqlamasında qolları Azərbaycan ordusuna qarşı döyüşən erməni “qardaş və bacılarına həsr etdiyini” deyib. Bu zaman o, Qarabağın əvəzinə qondarma rejimin adını çəkib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43