“Круись и скажи, что я мерзавец!”. Yaradacılığına hörmət bəslədiyim istedadlı kinorejissor Vaqif Mustafayevin “Yaramaz” filminin qəhrəmanı məhz belə alçaldıcı üsula razı olaraq, suvenir fabrikində adi işçidən direktor vəzifəsinə qədər yüksəlir. Real həyatdan götürülmüş bir səhnədir. Azərbaycanda bir çox sahələrdə, o cümlədən dəli kimi bağlandığım futbol sahəsində də belə yaramazlar saysız-hesabsızdır. Fırlana-fırlana rəqs edən, atılıb-düşən, “Mən yaramazam!” deyənlər… Və onlardan “qromçe” tələb olunanda, rəhbərliyə daha xoş gedəcək, daha yüksək vəzifəyə, hörmətə layiq görüləcəklərini zənn edib “Mən yaramazam!” sözlərini bir az da yüksək qışqırırlar. Azərbaycan futbolunun mövcudu durumu belədir.
Bilirəm, bəziləri burada konkret ad oxumaq istəyir. Ancaq nə şişin, nə də kababın yanması üçün ad çəkmək fikrindən uzağam. Azərbaycan futbolunun əksər üzvləri elə bir intellektə malik deyil ki, sağlam tənqidi qəbul edə bilsinlər. Həqiqətən də hazırda futbolumuzda olanlar sağlam tənqidi düz başa düşmürlər. Axı özləri sağlam düşüncəli deyillər. O qədər xofludurlar ki, tənqidi fikir, tənqidi məqalə, tənqidi yanaşma görəndə, bunu ən pis təhqir kimi qəbul edir, özlərinə xas variantlarla səni gözdən salmağa, ləkələməyə başlayılar. Yəni, “çirkli” mübarizə. Özü də birtərəfli.
Amma nə yaxşı ki, Azərbaycan futbolu ilə bağlı sevindirici məqamlar da var. Məsələn, mən ilk gündən ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin futbola gəlişini dəstəkləmişəm. Onun istər “Neftçi”yə, istərsə də sonradan AFFA-ya rəhbərliyi dövründə futbolumuz yalnız qazanıb. Ümumiyyətlə, idman federasiyalarının məmurlara tapşırılması çox düzgün sistemdir. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun boks və taekvando federasiyalarını, vergilər naziri Fazil Məmmədovun güləş və velosiped federasiyalarını himayəyə götürməsi və digər belə analoji rəhbərlərin sayəsində görün idmanımız nə qədər uğurlar əldə edib. Məgər əvvəllər bizdə boks, taekvando, güləş, karate, atletika bu qədər inkişaf etmişdi? Yalnız nüfuzlu, sözü keçən şəxslərin idmana rəhbər kimi cəlb edilmələrindən sonra vəziyyət müsbətə doğru dəyişdi.
Rövnəq müəllimin AFFA prezidenti olması futbolçularımızın, məşqçilərimizin, azarkeşlərimizin ən böyük qazancıdır. Ancaq futbolumuzu, həmçinin AFFA-nı istənilən vaxt “Я мерзавец” deyənlərdən təmizləmək lazımdır. Fikir verin, futbolumuzda nə qədər uğursuz layihələr olub? Vaxtilə paytaxtda və regionlarda top çiləyib, baş aldatmaqla məşğul idilər. Adını da “Top festivalı” qoymuşdular. Guya festival Azərbaycanda futbolun kütləviliyinə və gələcək ulduzların yetişməsinə xidmət edir. Belə gülünc layihələrlə nə futbol kütləviləşdi, nə də kiminsə ulduzu parladı. AFFA tərəfindən yaradılan Müşahidə Şurası və Klublar Komitəsini də bu sıraya daxil etmək olar. Başa düşə bilmirəm, Müşahidə Şurasında kim kimi müşahidə edir? Bunların binoklu var, yoxsa pusquda durub kimisə güdürlər? “Neftçi”də Müşahidə Şurası yaradıldıqdan sonra Azərbaycanın ən köklü, adlı-sanlı, tarixi ənənələrə malik klubu aciz vəziyyətə düşüb. Başqa klublarımızda da Müşahidə Şurası yalnız formal xarakter daşıyır. Bu ideya ortalığa atılanda səbəbkarlara ən yaxşı cavabı “Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl vermişdi: “Qarabağ”da Müşahidə Şurasına ehtiyac yoxdur. Biz öz sistemimizdən razıyıq. İllərdir bu sistemlə çalışırıq və heç bir problemimiz olmayıb“.
Yaxud Klublar Komitəsi olsun. Dünyada analoqu olmayan qurum. O mənada ki, komitə yerli federasiyanın nəzdində fəaliyyət göstərir, onun çaldığı havaya oynayır. Bu absurddur! Türkiyədə də Klublar Birliyi deyilən təşkilat var. Amma bizdən fərqli olaraq, onlar müstəqil, sivil fəaliyyət göstərirlər. Lazım olanda, dərhal toplaşıb, istənilən kəskin qərarı qəbul etməyə qadirdirlər. Adi bir misal: bu yaxınlarda “Fənərbaxça”nın avtobusuna Trabzonda hücum edilməsinə Klublar Birliyi dərhal reaksiya göstərdi. Artıq ertəsi günü Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan onların qərarı ilə ayaqlaşmaq məcburiyyətində qalmışdı. Dərhal Türkiyə Superliqasında oynayan klubların kapitanını çağırıb, onlarla söhbətləşdi, vəziyyəti aydınlaşdırdı, mövqeyini bildirdi. Bəs bizdə necədir? AFFA-nın Klublar Komitəsi müstəqil qərar verə bilərmi? Kimdə belə cəsarət var? Klublar Komitəsinin hər bir qərarı üçün faktiki olaraq, AFFA-nın baş katibi Elxan Məmmədovun razılığı olmalıdır. Gülməli, gülməli olduğu qədər də ağlamalı vəziyyətdir…
Ağlamaqdan söz düşmüşkən, biz hər il göz yaşımızı tökə-tökə bir və ya bir neçə peşəkar (kağız üzərində peşəkar) klubumuzu gedər-gəlməzə göndəririk. Azərbaycanda futbol klubu anlayışına o qədər laqeyd yanaşırlar ki… Günü sabah Mübariz Mənsimov “Xəzər Lənkəran”dan əlini çəksə, Tale Heydərov “Qəbələ”yə kömək etməsə, “Azərsun” şirkəti “Qarabağ”a sponsorluqdan imtina etsə, adıçəkilən komandalar dərhal çökər, “Azərbaycan futbol klubları qəbiristanlığı”nın növbəti mərhumuna çevrilərlər. “Simurq”, “Karvan”, “MKT-Araz”, “Viləş” və digər “rəhmətliklər” kimi.
Azərbaycanda klub idarəçiliyi formasını dəyişdirmək vacibdir. Heç olmasa, Türkiyənin 4 ən nüfuzlu klubu – “Qalatasaray”, “Beşiktaş”, Fənərbaxça və “Trabzonspor” modelini götürməliyik. Hər şey klubun özününkü olmalıdır. Qətiyyən sponsordan asılı vəziyyətə düşmək olmaz. Bu, əvvəl-axır pis nəticəlrə gətirib-çıxarır. Gözümüzün qarşısında “Bakı”, “İnter”, AZAL, “Simurq”, “Rəvan” klublarının düşdükləri acınacaqlı durum var. Əslində, klubun öz büdcəsi olmalıdır, sponsorun cibini güdməməlidir. Ən azı 100 milyon manartlıq büdcə. Belə olarsa, bahalı, keyfiyyətli futbolçular alıb, uğur qazanmaq olar. Uşaq futboluna isə gözünü qırpmadan belə, sərmayə qoymalısan. Bunu ona görə etməlisən ki, istedadlı, böyük perspektiv vəd edən futbolçular yetişdirib satmaqla, dünya bazarında özünə yer tutasan. Necə ki, Kiyev “Dinamo”su Andrey Şevçenkonu yetişdirib,“Milan”a milyonlarla dollara satdı.
Türklərin yaxşı bir sözü var: “Futbol bir aşk”. Doğrudan da futbola sevgin, məhəbbətin olmalıdır. Futboldan başı çıxmayanlara, gecə saatlarında yuxusuna ərşə qatıb “Barselona” – “Sevilya” matçına baxmayanlara burada yer yoxdur.
Cənablar, Azərbaycan futbolunu “мерзавец”lərdən təmizləmək lazımdır. Əks halda, futbolda ciddi nailiyyətlərə, millinin dünya və ya Avropa çempionatına vəsiqə qazanmasına, klublarımızın uzunömürlü, rentabelli, peşəkar prinsiplərlə idarəçiliyinə və ən nəhayət, azarkeşlərimizin üzündəki sevinc hislərinə tamarzı qalacağıq. Axı, Azərbaycanda futbolu “aşk” kimi qəbul edən fanatların nə günahı?
Elnur Əşrəfoğlu, (Qafqazinfo)