27 Fevral 2024
Ölkə futbolu

AFFA-nın qərarının qurbanları: “Rəvan”da gərgin günlər

Premyer Liqada mövsümün başa çatmasına 1 tur qalıb. Gələn həftə yarışın final düdüyü çalınacaq. AFFA prezdenti Rövnəq Abdullayevin son açıqlamasına əsaslansaq, gələn sezonda da elita iştirakçılarının say dəyişməyəcək. Yəni, son 2 ildə olduğu kimi, gələn çempionatda da 10 komanda mübarizə aparacaq. Turnir cədvəlində hazırkı vəziyyətin son turda da olduğu kimi qalacağını düşünsək, «Sumqayıt» yerini qoruyacaq, «Rəvan» I Diviziona düşmək məcburiyyətində qalacaq.

İdmanxeber.com-un məlumatına görə, «Neftçi» ilə matçdan sonra «Rəvan» rəhbərliyində hərəkətli dəqiqələr yaşanıb. Klubun sahibi Nuru Əliyevin AFFA-nın qərarı dəyişməzsə, futboldan geri çəkiləcəyi söylənilir. Belə ki, tanınmış iş adamının aşağı dəstədə komanda saxlamaq istəmədiyi bildirilir. Əgər federasiya qərarına yenidən baxmazsa, «Rəvan»ı da «Muğan»ın taleyi gözləyir. «Sığortaçılar» ən yaxşı halda, I Divizionda iddiasız olacaq.

Təbii ki, AFFA qərarını yüz ölçüb bir biçməlidi. Futbolumuz «Rəvan»ı kimi klubu itirməməlidi. Nuru Əliyev neft maqnatı, yaxud oliqarx deyil, dövlətdə vəzifəsi yoxdu, bununla belə, futbola xidmət edir. O, bir çox həmkarlarından fərqli, bu sahədə olduğu üçün dövlətdən əlavə dvidentlər almır, yatırdığı sərmayəni bir başqa cür sığortalamır. Əliyev şirkətinin, başqa sözlə, öz cibinin pulunu idmana yatırır və əvəzində heç nə götürmür.

Üstəlik, o, Qaraçuxurda yeni baza tikir. «Qum adası» adlanan ərazidə infrasturktur qurmaq milyonlarla manat deməkdi. Əlbəttə, bütün bu işləri yarımçıq qalması futbolumuzun özünə zərbə vuracaq. AFFA «Sumqayıt»a görə digər klubların belini çox qırıb, çempionatın simasını eybəcərləşdirib. Rövnəq Abdullayev SOCAR-dan maliyyələşdirdiyi «Sumqayıt»ın xoşbəxtliyini «Rəvan»ın bədbəxtliyində axtarmasın. Ağıllı adam belə bir səhvə yol verməz.

sportinfo.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43