05 Fevral 2025
Ölkə futbolu

AFFA-nın “refresh”i

AFFA İcraiyyə Komitəsinin qərarları iki gündür futbol ictimaiyyətinin əsas gündəm mövzusudur. Komanda sayının artırlması çoxdandı gözlənilən xoş xəbər olsa da, legioner limitinin ləğvi bir qrup tərəfindən birmənalı qarşılanmır. Sadiq oxucularımız legioner llimiti ilə bağlı yazılarımızdan xəbərdardı.

Hələ uzun müddət öncə bu qərarın verilməsini, meydançada formanı hansısa qaydanın məcbur etdiyi yox, layiq olanın geyinməli olduğunu bildirmişdik. Legioner limitinin ləğvi qısa vaxtda yerli futbolçuların inkişafı üçün düzgün qərardı. Bunu azərbaycanlı oyunçuların sonu kimi qiymətləndirmək, qara bağlayıb yas tutmaq, ah-nalə çəkmək qulağa, gözə xoş gəlsə də, həqiqətə korluqdu. 

İsrarla eyni şeyi arqument kimi göstərmək, keyfiyyətsiz əcnəbilərin gələcəyi iddiası ilə illərdi əzbər mövqeni ortaya qoymaq yenilənə bilməməyin fəsadlarıdı. Sistemin dəyişməsini istəyib dəyişim cəhdinə dərhal müharibə elan etmək isə artıq psixoloji xəstəlikdi. Albert Eynşteynin divarlara, küçələrə, məktəblərə yazılmalı olan məşhur “eyni şeyi edib fərqli nəticə gözləmək axmaqlıqdır” kəlamını bir daha xatırladırıq. 

Kütlə hər zaman yenilənməyin düşməni, zərər içindəki alışılmışa tabe olmağı xoşlayır. Kütlə hər zaman dağıtmaqdan, məhv etməkdən yana olur. Dəyişim isə bu çətinliyi qarşısına alanlara qismətdir. Buna görə də hissli-həyəcanlı gurultuya yox, ağıla, təfəkkürə istinad etmək lazımdı.

Bir daha bu mövzuya qayıtmayacağımızı bildirərək yenidən xatırladaq ki, bu gün Premyer Liqada onlarca yerli futbolçular var ki, heyətdə onların mövqelərində legioner olmasına baxmayaraq, stabil oynayırlar. Hay-küy qoparmaqdansa, buna diqqət etmək daha yaxşı olar.

Legioner limiti ilə bağlı verilən radikal və bir o qədər də yerində qərarı dəstəkləyirik. Faydası da mütləq olacaq. Yetər ki, qələbəlik içərisindəki səmimi fikirlərə qulaq asılsın, hay-küyə məğlub olunmasın.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43