26 Yanvar 2025
Ölkə futbolu

AFFA-nın SIFIRI

Azərbaycan futbolu tarixi ərzində bu qədər gələcəyi bəlirsiz bir dönəm yaşamayıb. 10 aydır ölkə futboluna rəhbərlik edən şəxslər bu günə qədər sahənin inkişafı üçün hər hansı bir qərar qəbul etməyib, edə bilməyib.

10 aydır milyonlarla vəsait qarşılığında hələ də tam ortaya çıxara bilmədikləri strategiyanın ətəyindən tutublar. Təxminən bir ilə yaxındı bütün futbol ictimaiyyətini “strategiya hazırlanır”a kökləyən strategiyasız rəhbərlik gözləntilərin çox aşağısında qalıb.

Gəldikləri gündən futbol ictimaiyyətini ciddi narahat edən problemlər hələ də olduğu kimi yerindədi. Nə Premyer Liqada komanda sayı artımı, nə infrasturukturda irəliləyiş, nə də uşaq futbolunda hər hansı bir tərpəniş yoxdur. İş adamlarının futbola cəlb edilməsi, sahəyə yeni sponsorlar gələcəyi vədləri də artıq yada düşmür.

AFFA rəhbərliyinin bir ilə yaxın fəaliyyətinə yekə bir SIFIR düşür. Sıfır arxasında hər hansı bir rəqəm olmayanda heç olur. Boşa gedən 10 ay kimi.

Ölkə futbolu qanunsuzluqlar, korrupsiya faktları və yerlibazlıq siyasətinin əsirinə çevrilib. Şəxslərin nüfuz savaşı Azərbaycan futbolunun sonunu gətirir və sürətlə də gətirməkdədi. Cavabdeh şəxslər ağız dolusu futbolumuzun tərəqqisindən, təşəkkülündən danışırlar. Ancaq nəticənin effektivliyi yenə də SIFIR.

İllərdir Azərbaycan futbolunun inkişafı üçün ayrılan milyonlarla vəsait dağıdılıb, yox edilib. Proses indi də eyni halın – dövlətin ayırdığı vəsaitin şəxsi maraqlar naminə xərclənməsi kimi görünür. 

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43