AFFA-nın açıqladığı yeni strategiya planında əsas hədəflərdən biri də millimizin FİFA reytinqində 75-ci pilləyə yüksəlməsidi. Federasiya rəhbərliyi əgər bacarsa, bunu ictimaiyyətə ciddi uğur kimi təqdim edəcək. Bu qədər absurd yanaşma…
Hazırda qurumun hədəf kimi göstərdiyi yerdə – FİFA reytinqinin 75-ci pilləsində Honduras qərarlaşıb. Əgər bu mövqelərdə qərarlaşmaq futbolun inkişaf etdiyini göstərirsə, Honduras yığması dünya çempionatında çıxış etməli və bu ölkədən yetişən futbolçular Avropa klublarında adından söz etdirməlidir.
Ancaq bu gün dünya futbolunda Hondurasın, 72-ci pillədəki Kabo-Verdinin, 66-cı olan Burkina-Fasonun heç bir yeri yoxdu. Yəni, bu ölkələr reytinqdə bizdən öndə olsalar da, futbolları xeyli geridədir. Əvəzində 92-ci sırada olan Lüksemburqun, 100-cü sırada qərarlaşın Ermənistanın bu sahədə xeyli inkişaf etdiyini millərinin çıxışlarına baxanda açıq görürük.
Deməli, reytinq cədvəlində irəliləyiş göstərici olmamalıdı. Görünür AFFA rəhbərliyinin də hədəfi ciddi iş görmək yox, sadəcə göz boyamaqdır. Bütün məqsəd hazırda 117-ci olan Azərbaycanı 75-ci sıraya gətirib “iş gördük” havası yaratmaqdı.
Aldadıcı qələbələrlə əldə olunacaq uğurlar belə müvəqqətidi və bu, ölkə futbolu adına heç nəyi dəyişməyəcək. Davamlı uğurları təmin edəcək sistem formalaşmayınca yerimizdə sayacağımız dəqiqdi.
Həsən Quluzadə