AFFA İntizam Komitəsi Region Liqasında çıxış edən “Record Club”un futbolçusu Emil İsrəfilovu 4 oyunluq cəzalandırıb.
İdmanxeber.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna onun “City Baku” ilə qarşılaşmanın 90+3-cü dəqiqəsində rəqibini bilərəkdən əli ilə vurması səbəb olub. İsrəfilov qırmızı vərəqə ilə cəzalanmışdı.
Eyni turnirdə mübarizə aparan “Qarxun”da isə köməkçi məşqçi Akif Rəhimov 5 matçlıq cəza ilə üzləşib. Mütəxəssis “Ağstafa Gəncləri” ilə oyunda hakimi təhqir etdiyi üçün qırmızı vərəqə alıb.
AFFA U-15 Liqasında “Zirə”nin futbolçusu Kamal Qasımlı “Sabah”la görüşdə hakimi təhqir etdiyi üçün 4, komandanın baş məşqçisi Yasin Yaqubzadə qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanıb.
U-17 Qızlar Liqasında “Baku Sportinq”in baş məşqçisi Aliyə Vəliyeva “Sumqayıt”la dueldə referi köməkçisinin ünvanına qeyri-etik ifadələr işlətdiyindən 5 matç texniki zonada yer almayacaq.